Azərbaycanda yol polisinin cərimə labirinti...

azerbaycanda-yol-polisinin-cerime-labirinti
Oxunma sayı: 4351


“Ötən ay cərimələnmişəm. Ancaq nə vaxt banka gedirəmsə, deyirlər ki, cərimə sistemə yerləşdirilməyib. Bunun səbəbi nədir, bilmirəm. Sabah bu cərimənin üstünə penya da (cəriməyə əlavə, dəbbə pulu) gələcək. Niyə əlavə pul ödəməliyəm?”. Bu sözləri Bakı şəhər sakini Elməddin Həsənov deyir. 

“Cərimənin gecikdirilməsi korrupsiyaya yol açır”

Eyni problemlə “Qafqazinfo” saytının baş redaktoru Elbrus Ərud da üzləşib. Jurnalistin sözlərinə görə, təxminən iki ay əvvəl cərimələnib, ancaq bu günə qədər pulu ödəyə bilmir: 

“Maşınımı ASAN xidmətin qarşısında saxlayıb içəri girmişdim. Çıxanda gördüm ki, DYP əməkdaşları maşını düzgün saxlamadığıma görə cərimə yazıb maşının üstünə qoyub gediblər. Açığı, sevindim ki, nə yaxşı müasirləşmə gedir. Tez cəriməni götürüb ödəməyə getdim. Ancaq mümkün olmadı. Düz iki aydır hər həftə gedirəm banka, deyirlər ki, cərimə sistemə yerləşdirilməyib. Bankda əməliyyatçı qız mənə deyir ki, tez üstünə düşün, yoxsa üstünə faiz gəlir”.  Elbrus Ərud hesab edir ki, cərimənin gecikdirilməsi korrupsiyaya yol açır: “40 manat cərimə yerinə 80 manat almağın başqa adı nədir? Ona görə deyirlər ki, bu ölkədə təfəkkür, düşüncə dəyiməyincə, heç nə dəyişməyəcək. Gör indi bu adamlar hansı əxlaqsızlıqlara əl atırlar. Sonra da deyirlər niyə polisin, DYP-nin imici pisdir, bizdən niyə pis yazırsız?”

Problem sosial şəbəkədə geniş müzakirə olunub. Ruslan Rahimov adlı vətəndaş da iyulun 1-də radara düşdüyünü, ancaq sənəd ala bilmədiyini yazır: “Ayın 9-u başqa bir sənədləşmə üçün DYP-yə getmişəm, dedilər, sənin cərimən var, radara düşmüsən. Dedim, sənədi verin, ödəyim. Bildirdilər ki, hələ sənəd hazırlanmayıb. Sənədin sistemə yerləşdirilməsi üçün 40 manat istədilər. Cərimə də 50 manat. Qısası, qarışıq işlərdir bunlar, inanmıram düzəlsin”.

İlkin İbrahimov adlı Bakı sakini isə artıq 3-cü dəfədir bu problem yaşayır. Onun sözlərinə görə, məsələ ilə bağlı artıq məhkəməyə müraciət də edib: “Sabunçu Rayon Məhkəməsində hakim iddianı qəbul etmədi. Mən də hakimdən rəsmi şəkildə imtinanı əsaslandırmasını istəmişəm. Çox biabırçı vəziyyət yaranıb. 40 manatlıq cəriməyə görə 86 manat ödəməli olmuşam. İkinci dəfə 50 manata görə 90 manat ödəmişəm”. 

Ötən il bir neçə sürücü eyni şikayətlə ANS-in “qaynar xətt”inə müraciət edib. Həmin vaxt məsələyə münasibət bildirən Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşı, kapitan Samir Cəbrayılovun sözlərinə görə, məsələ sürücülərin dediyi kimi deyil: 

“Yol polisi cəriməni vaxtında ödəməyən sürücülərin avtomobillərini saxlayıb. Sadəcə olaraq, bəziləri cəriməni vaxtında ödəsə də, bu texniki səhv ucbatından kompyuterə düşməyib. İndi bu yoxlanılır. Sürücülərin uzun müddət növbədə dayanması isə şikayətçilərin çox olması ilə əlaqədardır”. 

“Qərar verildikdə cərimə sistemə yerləşdirilir”

Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyevsə “Qafqazinfo”ya açıqlamasında bildirdi ki, cərimələrin sistemə yüklənməsi bir neçə halda gecikdirilir: “Sürücü çox vaxt törətdiyi inzibati xəta ilə razılaşmır. Bu halda həmin sənəd baxılması üçün vətəndaşın yaşadığı ərazi üzrə Dövlət Yol Polisinə göndərilir. Araşdırma aparılır. Əgər cərimə ilə bağlı qərar verilirsə, bundan sonra həmin cərimə sistemə yerləşdirilir. Bu zaman da cərimənin vaxtı, sistemə yerləşdirilmə zamanı aydın göstərilir və vətəndaş da heç bir problemlə üzləşmir”.

K. Əliyevin sözlərinə görə, istənilən vətəndaş cərimənin miqdarını online öyrənə və ödəyə bilər: “Əgər DYP cərimənin ödənilməsi ilə bağlı qərar veribsə, bu, bir gün müddətində sistemə yerləşdirilir. apuz.az (Kütləvi Ödənişlər üçün Mərkəzləşdirilmiş İnformasiya Sistemi) saytı vasitəsilə də ödənişləri etmək olar. Problem bank sistemi ilə də bağlı ola bilər. Hər bir halda vətəndaş belə problemlə üzləşdikdə bizə müraciət edə bilər. Bu zaman dərhal vətəndaşın niyə cərimə olunması və ödənişlə bağlı məlumat verə, problem həll edə bilərik”.  

Yeni qaydalar, yeni üsullar

Sürücülər hesab edir ki, cərimələrin gecikdirilməsi Nazirlər Kabinetinin yeni təsdiq etdiyi qaydalarla bağlıdır. 

Nazirlər Kabineti “Yol hərəkəti haqqında” qanunun müddəalarının pozulmasına görə fiziki və hüquqi şəxslər tərəfindən ödənilən cərimələrdən daxil olan vəsaitin 25 faizinin Daxili İşlər Nazirliyinin yol patrul xidmətini həyata keçirən və yol hərəkətinin tənzimlənməsinə cəlb olunan əməkdaşlarının aylıq vəzifə maaşlarına əlavənin verilməsi üçün istifadə Qaydaları”nı təsdiq edib.

Bu qaydalara görə, fiziki və hüquqi şəxslər tərəfindən ödənilən cərimələrdən daxil olan vəsaitin 25 faizi yol patrul xidmətini həyata keçirən və yol hərəkətinin tənzimlənməsinə cəlb olunan əməkdaşların aylıq vəzifə maaşlarına əlavə olunacaq. 

Sürücülər də hesab edir ki, məhz bu səbəbdən cərimələrin ödəmə müddəti gecikdirilir, əvəzində dəbbə pulu artır və cərimə edən DYP əməkdaşının məvacibinə daha çox məbləğ əlavə edilir. 

Sürücü Bəxtiyar Qasımov düşünür ki, bu üsul yol polisini cərimə yazmağa həvəsləndirir: “Elə yerlər var ki, orda kamera yoxdur, həmin ərazidə polis istədiyi cəriməni yaza bilər. Bunu sübut etmək də mümkün deyil. Dəfələrlə məndə də olub. Saxlayıblar ki, radara düşmüsən. Heç bir sənəd filan təqdim etmədən cərimə yazmaq istəyiblər. Bir az avam olsan o dəqiqə səni cərimələyər. Bəlkə də elə belə edirlər çox vaxt. Dünyanın heç bir yerində yol polisi cəriməyə görə əlavə pul almır. Xüsusi xidmət deyil ki… Gülməlidir. Mənə də elədiyim hansısa bir işə görə əlavə pul versələr, həmin işi daha da həvəslə edərəm. Bunlar da həvəslənib cəriməni cəriməyə calayırlar”. 

Hüquqşünas Mahmud Hacıyev də hesab edir ki, yeni qaydaların tətbiqi bir çox neqativ halın ortaya çıxmasına səbəb olacaq: “Dünyanın heç bir yerində belə bir üsul yoxdur ki, cərimədən gələn gəlir polisin məvacibinə əlavə edilsin. Ümumiyyətlə, Azərbaycanda qanun və qaydaların tətbiqi mexanizmi hazırlanmır. Əslində bu qaydanın tətbiqində məqsəd odur ki, yol polisi rüşvət almasın və inzibati xəta törətmiş sürücünü cərimələməyə meylli olsun. Bilsin ki, həmin cərimə onun məvacibinin artmasına səbəb olacaq. Ancaq bu üsul başqa bir neqativ halın yaranmasına səbəb olur. Sürücülər cərimələrin sistemə oturmamasından və penyaların yığılmasından gileylənirlər. Deməli, tətbiq olunan qayda mənfi hala səbəb olub. Eyni hal cərimələrin artırılmasında da özünü göstərmişdi. Halbuki İnzibati Xətalar Məcəlləsinə, “Yol hərəkəti qaydaları”nda dəyişiklik etməklə yol qəzalarının qarşısını almaq mümkün deyil. Bunun üçün başqa metodlar lazımdır. Bunun üçün tədbirlər planı hazırlayıb hökumətə təqdim etmək lazımdır. Bunu isə yol qəza hadisələrində günahkar olanlar etməlidir. Yəni, yol qəzalarının baş verməsinə cavabdeh olan Dövlət Yol Polisi, həmin prosesə cavabdeh olan icra strukturları və Nəqliyyat Nazirliyidir. Bu qurumlar yol qəza hadisələrinin qarşısını almaq üçün birgə işləməlidir. Sürücülərə qarşı cərimələri artırmaq kimi tədbirlərlə yollarda qəzaların qarşısını almaq olmaz. Eləcə də cərimələrdən gələn gəlirləri polisin məvacibinə əlavə etməklə rüşvətin kökünü kəsmək mümkün olmayacaq”.

Kamran Əliyev isə deyilənlərlə razılaşmır. Onun sözlərinə görə, cərimələrin sistemə yerləşdirilməməsi qətiyyən bu məsələ ilə bağlı ola bilməz. 

Aynur Elgünəş