Həkimlərimiz ilk dəfə Türkiyədə xərçənglə bağlı beynəlxalq dəyirmi masa keçirdi - Fotolar

hekimlerimiz-ilk-defe-turkiyede-xercengle-bagli-beynelxalq-deyirmi-masa-kecirdi
Oxunma sayı: 440

Bu gün Milli Onkologiya Mərkəzi və Azərbaycan Onkoloqlar Cəmiyyətinin birgə təşkilatçılığı ilə ilk dəfə Türkiyənin İstanbul şəhərində, Hilton İstanbul Hotelində “Servikal xərçəng üçün skrininq testləri, HPV peyvəndləmə, CİN 1, 2, 3 və kolposkopiya” mövzusunda beynəlxalq dəyirmi masa müzakirəsi təşkil olunub.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə Şişönü xəstəliklərin diaqnostikası və müalicə şöbəsinin rəhbəri, T.Ü.F.D. Sevinc Rəhimzadənin rəhbərliyi ilə şöbənin həkim kollektivi fəal iştirak edib, Türkiyənin aparıcı onkoginekoloqları – prof. dr. Murat Gültekin, prof. dr. Mete Güngör və prof. dr. Murat Dede ilə birgə elmi müzakirələr aparılıb.

Dəyirmi masa çərçivəsində servikal xərçəngin erkən diaqnostikası, effektiv skrininq strategiyaları, HPV peyvəndləmə proqramlarının tətbiqi, CİN 1, 2, 3 mərhələlərinin idarə olunması və kolposkopiyanın müasir yanaşmaları üzrə beynəlxalq təcrübələr təqdim edilib. Tədbir yüksək elmi səviyyədə, interaktiv formatda təşkil olunub, klinik protokollar və praktik yanaşmalar ətrafında geniş fikir mübadiləsi aparılıb.

Eyni zamanda, Azərbaycandan 500-ə yaxın həkim və səhiyyə mütəxəssisi Zoom platforması vasitəsilə tədbirə canlı qoşularaq müzakirələri izləyib, Türkiyədən dəvət olunmuş professor və mütəxəssislərə birbaşa suallar ünvanlayaraq aktiv iştirak nümayiş etdirib.

Qeyd etmək lazımdır ki, bu beynəlxalq dəyirmi masa müzakirəsi Azərbaycanda dövlət səviyyəsində planlaşdırılan HPV skrininq və peyvəndləmə proqramının elmi əsaslarının formalaşdırılması məqsədi daşıyır. Tədbir sözügedən dövlət layihəsinin ilkin mərhələsidir.