“Bakı və Moskva regionda yeni reallıqlar formalaşdırır”

baki-ve-moskva-regionda-yeni-realliqlar-formalasdirir
Oxunma sayı: 1477

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasına işgüzar səfəri aprelin 22-də başa çatıb. Rusiya mediası Azərbaycan Prezidenti İlham Əliyevin bu ölkəyə işgüzar səfərinə və Rusiya Prezidenti Vladimir Putin ilə görüşünə geniş diqqət ayırıb. Rusiyanın tanınmış xəbər agentliklərində iki ölkə rəhbərinin görüşünün dövlətlər arasında münasibətlərin inkişafına təkan verəcəyi, Moskva və Bakının Cənubi Qafqazda yeni geosiyasi reallıqların formalaşmasındakı perspektivlər müzakirə edilib.

“Qafqazinfo”nun məlumatına görə, səfər barədə fikir bildirən millət vəkili Cavanşir Feyziyev deyib ki, iki ölkə liderinin səfəri əlamətdar bir hadisəyə - BAM-nın 50 illik yubileyinə təsadüf edib.

“Avrasiyanın ən nəhəng layihələrindən biri olan BAM-ın tikilməsi və başa çatdırılması bilavasitə həmin dövrdə SSRİ Nazirlər Şurası sədrinin 1-ci müavini vəzifəsində çalışmış Heydər Əliyevin adı ilə bağlıdır. Bununla yanaşı, iki qonşu dövlətin rəhbərlərinin görüşü hər iki tərəf üçün maraqlı olan digər məsələlərin də müzakirəsi üçün yaxşı bir fürsətdir. Əminəm ki, Azərbaycan və Rusiya liderləri ölkələrimiz arasında siyasi-iqtisadi əlaqələrin mövcud durumunu müzakirə ediblər və əlaqələrin inkişaf perspektivlərini dəyərləndiriblər.

Məlumdur ki, dövlət başçılarının görüşü ilə eyni zamanda, Azərbaycan ərazisində müvəqqəti yerləşmiş Rusiya sülhməramlı qüvvələrinin ərazidən çıxarılması prosesi başlanıb. Belə bir şəraitdə regional təhlükəsizlik kontekstində Rusiya-Azərbaycan və Rusiya-Ermənistan münasibətləri, eləcə də Azərbaycanla Ermənistan arasında münasibətlərin tənzimlənməsi kimi məsələlər mütləq müzakirə mövzusu olub”, - parlamentari qeyd edib.


Millət vəkili onu da xatırladıb ki, Rusiya və Azərbaycan arasında 2022-ci ilin fevralında imzalanmış sənədə uyğun olaraq ölkələrimiz arasında müttəfiqlik əlaqələri hökm sürür. Lakin bu, heç bir üçüncü dövlətə və ya tərəfə qarşı deyil.

Cavanşir Feyziyev qeyd edib ki, Qazax rayonunun 90-cı illərdə işğal olunmuş 4 kəndinin danışıqlar yolu ilə geri qaytarılması isə Azərbaycan və Ermənistan arasında aparılmış birbaşa dialoqun nəticəsidir:

“Bu prosesdə Moskvanın bilavasitə iştirakı yoxdur. Əslində Moskva həm Bakını, həm də İrəvanı özünün müttəfiqi kimi görür və Cənubi Qafqaz ölkələri ilə münasibətlərini məhz bu əsasda tənzimləməyə çalışır. Bunun nə dərəcədə uğurlu olması isə hazırda regionda yaranmış yeni vəziyyətin Rusiya və Ermənistan tərəfindən adekvat dəyərləndirilməsindən asılı olacaq”.