Narkotik aludəçisi olan anası tərəfindən şiddətə məruz qaldığı deyilən uşaq xəstəxanaya yerləşdirilib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
İddia edilir ki, yeniyetmə illərdir anası tərəfindən zəncirlənmiş şəraitdə yaşayıb, təhsildən yayındırılıb.
DİN Mətbuat Xidmətinin əməkdaşı Cəsarət Qənbərli bildirib ki, qeyd olunan məsələ ilə bağlı ərazi polis idarəsində araşdırma aparılır.
O, ilkin tibbi müayinədən keçirilməsi və sığınacaqla təmin olunması məqsədilə polis əməkdaşları tərəfindən xəstəxanaya yerləşdirilib.
Həmçinin ananın narkoloji və psixoloji vəziyyətinin qiymətləndirilməsi istiqamətində də müvafiq tədbirlər görülür. Araşdırmanın nəticəsindən asılı olaraq hüquqi qiymətləndirmə aparılacaq.
***
Sosial Xidmətlər Agentliyinin mətbuat katibi Sərvər Abdullayev saytımıza bildirib ki, çətin həyat şəraiti ilə qarşılaşan 17 yaşlı oğlanla bağlı məlumat daxil olan kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin əməkdaşları prosesə cəlb olunub.
Yeniyetmənin mövcud vəziyyəti qiymətləndirilib.
Aidiyyəti qurumlarla koordinasiyalı şəkildə iş aparılıb və oğlan müvafiq səhiyyə müəssisəsinə yerləşdirilib.
Uşağın müayinə və qiymətləndirmə prosedurları bitdikdən sonra isə o, daimi qayğı ilə əhatə olunması üçün Sosial Xidmətlər Agentliyi tərəfindən qanunvericiliyə uyğun olaraq müvafiq uşaq müəssisəsinə yerləşdiriləcək.
Son xəbərlər
Son Xəbərlər