Bakıda marşrut avtobusu 3 maşını əzib hasara çırpıldı - Foto - Yenilənib

bakida-marsrut-avtobusu-3-masini-ezib-hasara-cirpildi
Oxunma sayı: 4606

Paytaxtın Nizami rayonu Mehdi Abbasov küçəsində yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” Avtosfer.az-a istinadən xəbər verir ki, “Bus Trans” MMC-yə məxsus 51 nömrəli marşrut avtobusu idarəetmədən çıxaraq 3 minik avtomobili ilə toqquşub. Daha sonra avtobus SOCAR-ın Təlim və Tədris Mərkəzinin hasarına çırpılıb.

İlkin məlumata görə, qəza nəticəsində yaralananlar var. Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb olunub.

Qəzanın səbəbləri araşdırılır.

***

TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, bu gün saat 11:00 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Nizami rayonu, M.Abbasov küçəsi ərazisindən yol-nəqliyyat hadisəsi səbəbilə çağırış qeydə alınıb.

Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.

Təcili tibbi yardım briqadası tərəfindən 2 nəfər (kişi) kürəyin travması diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub. Tibb müəssisəsinin müvafiq şöbəsində pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib.

Onların vəziyyəti qənaətbəxş qiymətləndirilib və ambulator müalicə üçün evə buraxılıblar.