Bilgəhdə 2 nəfərin öldüyü hadisənin - Anbaan videosu

bilgehde-2-neferin-olduyu-hadisenin
Oxunma sayı: 1247

DİN-in Baş DYP İdarəsi Bakıda iki nəfərin həlak olması ilə nəticələnən yol-nəqliyyat hadisəsi barədə məlumat yayıb.

“Qafqazinfo” xəbər verir ki, qəzanı törədən sürücünün sərxoş olması və nəqliyyat vasitəsini yüksək sürətlə idarə etməsi müəyyən edilib.

“Oktyabrın 14-ü saat 01:35 radələrində Bakı şəhər sakini Əsgər Zərbəliyevin idarə etdiyi “Volkswagen” markalı, 77 XS 274 dövlət qeydiyyat nişanlı avtomobil Sabunçu rayonu, Bilgəh qəsəbəsinin ərazisində hərəkətdə olarkən idarəetmədən çıxaraq aşıb.

İlkin məlumata görə, yüksək sürət və sürücünün sükan arxasında sərxoş vəziyyətdə olması səbəbindən baş verən qəzada avtomobildə olan sərnişinlər – paytaxt sakini Kamran Əliyev və Qax rayon sakini Təbriz Əliyev hadisə yerində həyatlarını itirib. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Baş Dövlət Yol Polisi İdarəsi son günlər sərxoş vəziyyətdə sükan arxasına keçən şəxslərin təqsiri səbəbindən ağırlıq dərəcəsi yüksək olan yol-nəqliyyat hadisələrinin təkrarlanmasından ciddi narahatlığını bildirir və bir daha sürücülərə müraciət edərək onları əksər hallarda ölümlə nəticələnən bu kimi kobud qayda pozuntularından cəkinməyə çağırır”, - məlumatda vurğulanıb.