Bakının Binəqədi rayonunda yanğın başlayıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə Ağasadıq Gəraybəyli küçəsində yerləşən binada yanğın baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə, Xüsusi Riskli Xilasetmə xidmətlərinin və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub.
Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.
Əlavə məlumat veriləcək.
***
DİN Mətbuat xidmətindən bildirilib ki, paytaxtın Binəqədi rayonu, Ağasadıq Gəraybəyli küçəsində yerləşən binaların birində baş vermiş yanğınla bağlı polis əməkdaşları dərhal əraziyə cəlb olunublar.
Hadisə yerində vətəndaşların təhlükəsiz şəkildə təxliyə olunması, ərazinin nəzarətə götürülməsi, həmçinin yanğınsöndürmə-qurtarma qüvvələrinin maneəsiz fəaliyyətinin təmin edilməsi məqsədilə zəruri operativ tədbirlər görülür.
***
FHN-in qüvvələri tərəfindən görülmüş operativ tədbirlər sayəsində Bakı şəhəri, Binəqədi rayonu, Ağasadıq Gəraybəyli küçəsində yerləşən binada baş vermiş yanğın qısa müddətdə söndürülüb.
Nazirliyin qüvvələri tərəfindən təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə olunub.
Yanğın nəticəsində, ilkin məlumata əsasən, xəsarət alan olmayıb.
***
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən bildirilib ki, Binəqədi rayonunda Ağasadıq Gəraybəyli küçəsində yerləşən Bakı Slavyan Universitetinin məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları 1 №-li yataqxananın binasında baş verən yanğın nəticəsində 13 məcburi köçkün ailəsinə ziyan dəyib.
Qeyd olunub ki, yanğın barədə məlumat daxil olduqdan sonra Dövlət Komitəsinin aidiyyəti struktur bölmələrinin nümayəndələri hadisə yerinə yollanıblar.
Məlumata görə, ilkin araşdırma nəticəsində 13 məcburi köçkün ailəsinə ziyan dəydiyi müəyyənləşdirilib:
“Yanğın nəticəsində xəsarət alan olmayıb. Yaşayış sahələri tamamilə yararsız halda düşmüş ailələrin müvəqqəti yeləşdirilməsi və onlara dəyən maddi ziyanın müəyyənləşdirilməsi üçün tədbirlər görülür. Yararsız vəziyyətdəki yaşayış sahələrinin qısa zamanda təmir edilməsi nəzərdə tutulur”.


Son xəbərlər
Son Xəbərlər