“Bir şəhərin ki, küçələrində öpüşmürlər...” - Qan Turalı

bir-seherin-ki-kucelerinde-opusmurler-qan-turali-
Oxunma sayı: 1288






Gənc yazar, kulis.az saytının redaktoru Qan Turalının “Qafqazinfo”ya müsahibəsi

- Maraqlıdır niyə məhz “Polis qorxusu ilə öpüşmək”?
- İndiki dövrdə ad məsələsi çox önəm daşıyır. Məsələn, Umberto Ekonun dilimizə də tərcümə edilmiş kult romanı “Qızılgülün adı”na roman haqda öz məqaləsini də əlavə edib. Elə o məqalədən sonra məndə belə bir təəssürat yarandı ki, əsərin adı kifayət qədər önəmlidir. Mənim seçdiyim adda isə bir önəmli detal var. Ümumilikdə mən eşqi, sevgini sadəcə insan ürəyi, mənəviyyatı, iç dünyası ilə bağlı bir hadisə kimi təsəvvür etmirəm. Mənim düşüncəmə görə, hər şeyin sonu cəmiyyətlə səsləşir və cəmiyyətin ümumi obrazını yaratmaq üçün polis çox önəmlidir. Azərbaycanda da polisin funksiyasından biri də sevgililəri öpüşməyə qoymamaqdır. Onu təkcə polis yox, cəmiyyət özü həyata keçirir. Əsərin adındakı “polis” sözü yalnız Daxili İşlər Nazirliyinin əməkdaşlarını yox, ümumilikdə cəmiyyəti ifadə edir. Başqa bir ad da tapmaq olardı. Amma mən eşqin həm də ictimai mahiyyətini vurğulamaq üçün bu adı seçdim.

- “Mustafa” romanında qapaqdakı foto yerli fotoqraflardan birinə məxsus idi. Bu kitabda nə üçün hazır bir fotoya üstünlük verdiniz. Bakıda belə bir mənzərə yoxdur axı.
- İlk kitabımın üz qapağının fotosunu Əhməd Muxtar çəkmişdi. “Polis qorxusuyla öpüşmək” kitabının üz qapağındakı fotonu seçməyimin əsas səbəbi arxada göydələnlərin görünməsidir. Foto Metyu Alanın çəkdiyi reproduksiyadır və arxadı göydələnlərlə Bakı assosiasiyası verir. Əslində, əlbəttə, Bakıda sevgililər açıq-aşkar öpüşmürlər. Hətta bu kitabın şəklini görüb qorxuya düşənlər də var. Amma bu foto Azərbaycan üçün də, Bakı üçün də, elə Şuşa üçün də mənim arzuladığım mənzərədir. Bir şəhərin ki, küçələrində öpüşmürlər deməli ora şəhər deyil və oradakı insanlar xoşbəxt deyil.

- Kitabı oxuduqca eşq pəncərəsindən görünən Azərbaycan cəmiyyətinin çox cılız və bəsit olduğunu hiss etdim.
- Azərbaycan cəmiyyəti haqqında uzun illər boyu Aqşin, Seymur, mən, Elnur, Günel, Nərmin, Sevinc həmişə yazmışıq. Amma zaman keçdikcə bir az başqa cür düşünməyə başladım. Ümumiyyətlə, cəmiyyət anlayışının özü insan azadlığına ziddir. Cəmiyyətin formalaşmasını şərtləşdirən səbəblər və müxtəlif nəzəriyyələr var. Cəmiyyəti yaradan səbəb insanların təhlükədən qorunmaq arzusudur. Biz insanlar təhlükəsizlik naminə cəmiyyəti yaratdıq və yaratdığımız cəmiyyət özü insanların azadlığını məhdudlaşdıran amilə çevrildi. Təhlükəsizlik naminə azadlıqdan imtinadır bu. ABŞ-da 11 sentyabr hadisələrindən sonra şəxsi yazışmalar məhkəmə qərarı olmadan yoxlanmağa başladı. Baxın, cəmiyyət hələ də öz ampluasındadır, təhlükəsizlik naminə fərdin azadlıqlarını məhdudlandırır. İnsanlar cəmiyyətdə xoşbəxt ola bilmirlər, tənhalıqla da xoşbəxtlik mümkün deyil. Bəs nə etmək lazımdır? Bax, bu fəlsəfədə həll olunmamış sualdır.

- Sizcə Azərbaycan cəmiyyətində 1990-cı illərlə 2000-ci illərin fərqi var? Mən o fərqi hiss etmirəm. Sizin kitabda təsvir etdiyiniz mühit 2000-ci illərdə hələ də qalmaqdadır.
- Mən 1990-cı illərdə uşaqlığımı yaşamışam, 2001-ci ildə orta məktəbi bitirmişəm. Sonra universitetdə oxumuşam. 1990-cı illərlə 2000-ci illəri müqayisə edəndə həqiqətən də cəmiyyətimizdə çox böyük yüksəliş, irəliyə can atma görürəm. İnsanlarda belə bir xüsusiyyət var, hamı öz yaşadığı dövrü tənqid edir və əvvəlki zamanlara həsrət duyur. Bunu ən yaxşı əks etdirən filmlərdən biri keçən ilin Kann festivalında nümayiş olunan Vudi Allenin “Parisdə gecəyarı” filmidir. O filmdə müasir ziyalıların 1920-lərin Paris mühiti üçün darıxdığını yazır. Həmin dövrün Parisində Heminquey, Fitscerald kimi dahilər fırlanırdı. Amma sonra göstərilir ki, 1920-lərin ziyalıları isə Qogenin, Van Qoqun yüz il əvvəlki Parisi üçün darıxır.

Bunu fəlsəfədə ən yaxşı ifadə edən yəhudi mənşəli alman filosofu Erix Frommdur. O deyir ki, biz hamımız dünyada darıxırıq, çünki biz cənnətdən qovulmuşuq. Bu bunun bəlkə də simvolik, bir az dini mətnlərlə üst-üstə düşən həllidir.

90-ların gəncliyi ilə indikiləri müqayisə edəndə çox ağrılı nəticələr üzə çıxır. Mən birlikdə oxuduğum gənclərdən çox, indiki gəncliyin daha proqressiv görürəm. İndikilər çox daha yenilikcidirlər. Lakin bu gəncliyi yaradan da nə Azərbaycan cəmiyyətidir, nə Azərbaycan təhsil sistemidir, nə Azərbaycan mədəniyyətidir, bu inkişafı yaradan ancaq və ancaq Azərbaycanın internet məkanıdır. İnternet məkanı sonsuz sayda insanlara çıxış imkanı verir. İnsanların orada dünyagörüşü, əhatə dairəsi genişlənir və insanlar çox uzaqlardan da öz həmfikirlərini tapa bilirlər. Biz bu dövrdə yaşadığımıza görə bunun önəmliliyinin fərqində deyilik. Əslində internetin meydana çıxması Qutenberqin çap maşınını kəşf etməsi ilə baş verən inqilabla ölçülə bilər. Çox yaxşı ki, Azərbaycanda gənclər bu yenilikdən istifadə edir. İndi adam olmaq çox daha asandır. Düzdür, yəni adam olmayanlar da çoxdur.

- Kitabın satışı ilə maraqlanırsız, oxucu kütləsi toplaya bilibmi?
- Satışla qardaşım məşğul olur. Azərbaycan şəraiti üçün normaldır. Elə mağazalar var hamısı satılıb, eləsi var heç satılmayıb. Hər halda bəlli bir çərçivədə “Qan Turalı” imzası var. Eyni zamanda kitabın özünün də bir az daha epotaj xarakterli adı və fotosunun olması oxucunu cəlb edə bilib.

- Hər halda kitabın imza gününü keçirəcəksiniz?
- 5-10 gündən sonra keçirməyi düşünürəm.

- “Polis qorxusu ilə öpüşmək” azadlığa çağırış mesajı verir. Sizcə cəmiyyət bu çağırışı duyacaq?
- Kitabın əsas mesajı azadlıqa çağırışdır. Bunu ilk dəfə Vüsalə Mahirqızı düzgün qiymətləndirdi. Bu doğrudan da kitabın əsas mesajıdır və o, kitabda sevgi ilə bağlı olmayan yeganə yazı sonuncudur. Mən “Həyatda heç bir şeyim az olmadı sənin qədər” yazısını yazanda onun belə çox yayılacağı ağlıma gəlməmişdi. Kitabdakı sevgi ilə bağlı olmayan yeganə yazı da məhz odur və o, da kitabın sonuna qoyulub. Kitabın verdiyi mesaj ondan ibarətdir ki, sevgi hissi istənilən halda bəşəri azadlığın gerçəkləşdirilməsinin əsas simvollarındandır. Birtərəfli sevgi insanı axmaqlaşdırır və köləyə çevirir. Sevib qarşılıq ala bilməyən adam heç bir şəkildə azad ola bilməz. Əlbəttə, insanlar bir-birini sevirsə burada azadlıqdan imtinalar, hətta məcburi imtinalar da olur. Məsələyə başqa tərəfdən baxanda bu həm də özü azadlığın tələbidir, azadlıq naminə azadlıqdan imtinadır.

- Ön sözdə qəzetçiliyin faniliyindən şikayətlənirsiniz. Türkiyədə məşhur jurnalistlərdən biri olan Uğur Dündar belə bir ifadə işlədir ki, jurnalist təqaüddçü olmaz, toplum onları görmək istədiyi müddətdə həmişə o fəaliyyətinə davam etməlidir.
- Uğur Dündar Türkiyənin ən yaxşı, məşhur jurnalistlərindən biridir. Amma indi Türkiyədə Uğur Dündar varmı? Yoxdur. Niyə yoxdur? Ona görə yoxdur ki, televiziyada deyil. İndi orta səviyyəli bir qəzetdə müsahibələr alır. Ekranda görünmədiyi üçün insanlar onu unutdu. Ümumiyyətlə, sayt qəzetə baxanda daha fanidır. Mən istəmirəm ki, kitabın ön sözündə yazdıqlarım qəzetçiliyə, jurnalistikanın əleyhinə bir mesaj kimi qavranılsın. Çünki hər şeydən əvvəl mənim peşəm, işim jurnalistikadır. 8 ildən artıqdır ki, mən bu işlə məşğulam və elə məşğul olduğum yeganə iş də jurnalistika olub, ondan başqa heç bir zaman başqa işlə məşğul olmamışam, pul qazandığım sahə də həmişə jurnalistika olub.

- Deməli, özünüzü bu sahədə tapmısınız.
- Əlbəttə, mənim əlimdən başqa bir iş gəlmir. Deyəsən gəlmir, bəlkə də gəlir yoxlamamışam. İstənilən halda qəzet işi fani bir şeydir. Təsəvvür edin ki, adamlar qəzetə baxırlar və köhnə qəzetdi deyə oxumurlar. Amma kitabla bağlı belə bir şey düşüncə yoxdur. Bütün bunlarla bərabər qəzetçinin cəmiyyət üçün son dərəcə mühüm funksiyaları var. Yəni insanlara informasiya çatdırmaq, onları maarifləndirmək jurnalistin işidir. Amma bir yazar üçün qəzetçilik bir az can sıxıcı məsləkdir. Kitabın girişində Türkiyənin “Tərəf” qəzetinin baş redaktoru olan Ahmet Altanının statını qoymuşam, elə fanilik sözü də onun ifadəsidir.

- Amma o yazıları da kitab halında cəmləşdirmək olar. Məsələn, elə Türkiyəli jurnalist Yılmaz Özdil köşə yazılarını kitab şəklində birləşdirib.
- Mən Yılmaz Özdili hər gün oxuyuram. Türkiyədən Mirmehdi Ağaoğluna Yılmaz Özdilin kitabını aldım və bir az vərəqlədim. Orada özüm üçün çox dəhşətli bir şeyi kəşf etdim. Mən onu o hələ üçüncü səhifəyə təyinat almamışdan, yəni bir neçə ildir hər gün oxuyuram, amma bəzi yazıları oxudum, başa düşmədim. Çünki yazılar gündəmlə bağlı olub və o hadisəni yada salmaq mümkünsüzdür. Üstündən bir il keçməsinə baxmayaraq mən o yazıların bəzilərini xatırlamırdım, bəzilərini dumanlı şəkildə xatırlayırdım, bəzilərini oxuyurdum başa düşmürdüm. Amma bu gün çap edilən yazısını bu gün və başa düşürəm. Çünki gündəmin içindəyəm. Elə o kitabın özü də faniliyə bir əsas verir.

- Əslində mən də bu peşənin fani olduğunu düşünürdüm, amma Uğur Dündarın o fikiri mənim üçün bir təsəlli oldu bəlkə də.
- Türkiyənin başqa bir ustad jurnalisti var Mehmet Ali Birand və Uğur Dündarla uzun illər rəqib kimi fəaliyət göstəriblər. Birand əvvəl TRT-də işləyirdi, sonra bir ara “Milliyyət” qəzeti üçün yazılar yazırdı. Birand deyir ki, mən yazı yazmağa başlayırdım. Yazı yazırdım yazılar itirdi. Birinci dəfə yaxşı yazanda adamlar deyirdi ki, əla yazıdır. İkinci dəfə də gərək yaxşı yazasan ki ona da əla deyələr, Üçüncü dəfə pis yazanda, dördüncü dəfə də pis yazanda adamlar artıq beşinci yazını oxumurdular. Və mən düşündüm ki, Türkiyə cəmiyyətini maraqlandıran böyük məsələlərlə bağlı kitablar yazım. Birand sonra başlayır hansısa bir məşhur adamın bioqrafiyası ilə bağlı kitablar yazmağa və sairə. Sonra televiziyada verilişlər çəkir və yenə də həmin o yazılarla bağlı fikiri burada da təsdiqini tapır. Proqrama hamı baxdı, əl çaldı, bir müddət verilişin ətrafında söz-söhbət getdi, sonra qurtardı. Sabahısı gün gərək yeni proqram çəkilə. İlk verilişlər unudulur. O, bununla da razılaşmır, sənədli film çəkməyə başlayır. Çox gözəl filmlər çəkir və Türkiyə Cumhuriyyət tarixini bu adam sənədləşdirir. Bu sənədli filmlər yüz il sonra da istifadə olunacaq, çünki orada önəmli faktlar var. Ən azı tarixçilər üçün salnamədir bu. Qəzetçi ömrünü uzatmaq istəyirsə kitab yazmalıdır, televiziya jurnalisti isə sənədli film çəkməlidir. Bu fəaliyyətin ömrünü bir az daha uzadan bir vasitədir. Eyni zamanda qəzetin ömrü bir gün olsa belə onun özünün də daşıdığı sosial, əhəmiyyətli funksiyaları danılmazdır. Amma təəssüf ki, Azərbaycan jurnalistikası, xüsusi ilə də çap jurnalistikası bu maarifləndirici funksiyanı yerinə yetirə bilmirlər. Bu da baş redaktorun özünün problemləri ilə bağlıdır. Baş redaktorun özünün ictimai borcu, yaxşı başa düşməməsinin nəticəsində bu hallar yaranır. Qəzetlərin çoxu demək olar ki, informasiya agentliklərinin xəbərlərindən istifadə edirlər. Belə bir situasiyada, belə bir halda isə hansı maarifləndirici funksiyadan danışmaq olar. Mən kitabımla bağlı bir neçə saytlara informasiya göndərdim, amma heç bir qəzetə göndərmədim. Çünki o qəzetin özünün oxucusu mənim oxucumdan azdır. Təbii ki, bu bütün qəzetlərə aid deyil, amma vəziyyət 80-90 faiz bundan ibarətdir.

- Kitablarınızda sitatlara bir qədər çox yer verirsiniz.
Şəxsən mən özüm düşünmürəm ki, sitat çoxdur. Sadəcə ayrı-ayrı hadisələri götürüb yazmaq lazımdır və o çox önəmlidir. Yəni hansı hadisələri mən əhəmiyyətli bilirəmsə onu yazıram. Azərbaycanda indiyənə qədər belə bir fikir formalaşıb ki, stat gətirilməməlidir. Bir də ki, məsələni düşüncə tarixi ilə də qoymaq lazımdır. Heç bir fərd duruğu yerdə yetişib böyük bir dahi ola bilməz. İsaak Nyuton deyir ki, mən Qalileyin və Kopernikin çiyinlərindən dünyanı gördüm. Yəni hamı elm xəzinəsinə nəsə atır və yeni gələn də o xəzinədən nəsə öyrənir. Ədəbiyyatda mən düşüncənin varisliyinə inanıram. Düşüncənin mənəvi bir şey olduğuna, dinə bənzədiyinə, dinin də müridlərinin hamısının oradan öyrəndiyinə və sonra o da özündən nəsə əlavə etdiyinə inanıram. Bir də bəlkə yazarlıq qorxusu da var. Bizdə çox yazarlar var onlar öz həyatlarını, öz başlarına gələnləri yazmağı sanki bir hünər bilirlər və yazırlar da. Şəxsən mən yazı yazanda maksimum şəkildə öz içimdəkiləri bağlamaq, xatirələrimə imkan verməmək istəyirəm, çünki yazarlıq başqa şeydir, gündəlik yazmaq başqa. Hər bir insanın gündəliyi ola bilər, amma yazar təkcə öz gündəliyini yox hamının gündəliyini yazmalıdır.

- Mən də elə sizin kitabınızı oxuduqca düşünürdüm ki, mən də bunları yazardım. Hər halda siz başqalarının gündəliyini yazmağı bacarmısınız.
- Təşəkkür edirəm. Bunu eşitmək həqiqətən çox xoşdur. Bəli, həmin yazıda hamı özündən aid nəsə tapmalıdır. Yazarlıq həqiqətən budur yoxsa əlbəttə ki, hər kəsin hamıdan yaxşı tanıdığı insan onun özüdür, amma özünə aid bir şeyi hamıya aid yazmaq lazımdır. Bütün bunlar bir harmoniya təşkil etməlidir və məncə yazar qapalı olmalıdır. Və buna görə də başqalarından sitatlar da öz düşüncənin yalnız sənə aid olmadığının göstəricisidir. Məsələn, Nazim Hikmətlə eyni düşüncəni paylaşmaq, nə vaxtsa hansısa şeirində bunu yazdığını düşünmək mənə şəxsən zövq verir. Əslində onlar mənəvi aləmdə, düşüncə dünyasında mənim sirdaşlarım, yaxınlarımdır. Yoxsa Qan Turalı özü bir fərd kimi tək başına o cür yetişə bilməz. Onu yetişdirən mühit, əsərlər, romanlar, filmlər var.

- Kitabın arxa qapağında yazılan hissə də maraqlıdır və nə vaxtsa hansısa yetişən yeni bir yazar da o fikirdən sitat gətirə bilər.
- Əlbəttə ki, ümumiyyətlə yazı yazanda sitat gətirmək xatirinə stat gətirilmir ki. Elə yazılar var ki, orada stuasiya onu verməyi tələb edir. Məsələn bir çox yazarlar var ki ayrıca sitat dəftərləri var. Yəni kitabdan nəsə oxuyandan onu orada qeyd edirlər.

- Elə mənim də o cür qeyd dəftərim var.
Ancaq məndə elə bir xasiyyət yoxdur. Kitabın üzərində xətt çəkib işarələyərəm. Heç vaxtı cümlə əzbərləməmişəm. Və yazını bir dünüşcənin, bir hissiyatın ifadəsi kimi yazmışam, ağlıma gələn gözəl bir cümlə xatirinə yazı düzəltməmişəm.

- Mən də əzbərləyə bilmirəm, heç cəhdd də etməmişəm.
- Biri var sözləri, biri də var fikiri əzbərləmək. İnsan fikiri əzbərləyir. Mən şəxsən fəlsəfə kitablarında belə hansısa bir hissəsini əzbərləmirəm yaddaşımda necə qalırsa o cür yazıram.

- Ön sözdə belə bir fikriniz də var ki, siyasətdən yazanda darıxırdınız və ədəbiyyata can atırdınız. Bu ötən 7 il ərzində jurnalistika da çoxmu darıxırdınız?
- Mən “Azadlıq” qəzetində köşə yazısı yazmazdan əvvəl “525-ci” qəzetdə ədəbiyyat haqqında yazılar yazırdım. 2005-2006-cı illər Azərbaycanda siyasi mühitin daha gərgin, eyni zamanda maraqlı olduğu dövr idi. 22 yaşım var idi və o yaşda bir gənc üçün siyasi proseslər də, siyasət özü də cəlbedici idi. Amma sonra elə proseslər oldu ki, həm özüm yorulmağa başladım, həm də müxalifət düşərgəsindəki bəzi şeylər məni qane etmədi. Yəni mən bunları ittiham etmək üçün demirəm. Ondan sonra mən düşündüm ki, bütün bu siyasəti kənara qoymaq lazımdır. Açığını deyim ki, doğrudan da çox yorucu idi. Keçən ilin aprel ayında “kulis. az” saytı açıldı və səhv etmirəmsə fevral ayından artıq “Azadlıq”da yazmırdım. İnanın ki, bu bir il yarım keçən müddətdə bir dəfədə siyasi mövzuda nəsə yazmaq, hansısa bir siyasi prosesə münasibət bildirmək içimdən gəlməyib. Adam gənc olanda elə bilir ki, bu lazımdır, amma müəyyən müddət keçəndən sonra fərqli düşünür. Jurnalist partizan deyil. Jurnalistika olsaydı bəlkə məni yormazdı. Jurnalistika sərhədlərindən yavaş-yavaş uzaqlaşan bu siyasətçilik adamı bir müddət sonra yorur.

- Elə də deyil əslində.
- Azərbaycan situasiyasında hər şey o cür formalaşır. Hökumət mediasında da o cürdür, müxalifət mediasında da. Jurnalistikanın mənfi tendensiyası yaranıb bu təkcə Azərbaycanda deyil dünyada da belədir. Məsələn Türkiyədə var solçu jurnalist və ya dindar jurnalistlər. Dindar, solçu, millliyətçi sözü ilə jurnalist sözünün bir araya gətirə bilmirəm.

- Jurnalist tərəfsiz olmalıdır.
- İdeologiyalar onsuzda tərəfdir. İdeologiyalar zatən həyata konkret bir baxış bucağı verir. Jurnalistika həqiqətin tərəfindədir. Həqiqət bəs haradadır? Soldadır ya sağdadır?

- Ümumiyyətlə, insan mövqesiz ola bilməz. Jurnalistin də tərəfi var, amma bunu yazılarında əks etdirməməlidir.
- Əlbəttə, vicdan, insaf məsələsi var də bir ora vuranda bir də bura vurmalısan. O cür inandırıcı olar. Azərbaycanda yazarlar var, baxırsan müxalifət haqqında nə gəldi yazır. Yazdıqlarının xeyli hissəsində də bəlkə də düzgündür, doğru, sağlam fikirləri də var, amma heç kim onun nə yazısını oxuyur, nə də etibar edir. Ona görə oxumurlar ki, hökumət haqqında yazmır. Eyni proses müxalifət yazarlarında da gedir.

- Bu hər halda müstəqil medianın kifayət qədər olmamasından irəli gəlir.
- Əlbəttə, bu birmənalı şəkildə müstəqil medianın olmamağının nəticəsidir. Bizim “Azadlıq” qəzetinə də, “Yeni Müsavat” qəzetinə də bu müstəvidə iradlarımız ola bilər bu normaldı, amma ümumilikdə inkişafı götürəndə Azərbaycanda sözün həqiqi mənasında müstəqil media olsaydı, bu problemlər olmazdı. “Azadlıq” qəzeti başqa necə ola bilər axı bu AXCP-nin qəzetidir, nə qədər də bu rəsmi şəkildə olmasa da, o, ideyaya, məqsədə xidmət edir. Bu eyni zamanda “Yeni Müsavat”a da aiddir. “Gündəlik Azərbaycan” qəzeti var idi o heç bir siyasi partiyaya yaxın deyildi, ona görə də bu qədər uğur və tiraj qazana bilmişdi. İstənilən halda partiya ilə qəzet bir-birinə ziyandır.

- Qan Turalıdan növbəti hansı əsəri gözləyək. Hansısa yazı üzərində işləyirsiniz?
- Bir ildir üzərində işlədiyim bir roman var. Təxminən 200 min işarəyə qədər yazmışam. Amma bunun yazı prosesində bir problem ortaya çıxıb. Bu da onunla bağlıdır ki, romanı geniş strukturda fikirləşmişdim. Bir hissəsi tarixi planda olacaqdı, o tarixi hissəsini də işləyib qurtarmışam. Amma sonra məndə belə bir fikir yarandı ki, bəlkə bunu ayrıca bir roman kimi çap edim. Əgər bu qərarım qətiləşsə yəqin ki, Novruz bayramında yeni romanım çap olunacaq. Adı hələ bəlli deyil. Amma ümumilikdə azadlıq ideyası ilə bağlıdır. Orta əsrlərdə qaranlıq bir sufi çiləxanasında azadlığa can atan bir adamın yaşadığı, başına gələn hadisələrdir. Sonda da o azadlığa nail olur.

Gülnar Ədalətqızı