Birinci Qarabağ və Vətən müharibəsində könüllü iştirak edən müəllim - Fotolar

Birinci Qarabağ və Vətən müharibəsində könüllü iştirak edən müəllim
Oxunma sayı: 1632

Bakı Şəhəri üzrə Təhsil İdarəsi və “Qafqazinfo”nun “Qəhrəman müəllimlərimizi tanıyaq” layihəsi çərçivəsində oxuculara Vətən Müharibəsi iştirakçısı olan müəllim Saleh Şirinovun bioqrafiyasını təqdim edirik.

Vətən Müharibəsində şanlı zəfərin qazanılmasında iştirak edən, döyüş meydanındakı qəhrəmanlıqları ilə vətənpərvərlik dərsi keçən Saleh Varaşil oğlu Şirinov 1971-ci ildə anadan olub.

1987-ci ildə Laçın rayonu Hacıxanlı kənd tam orta məktəbini bitirib. 1991-1996-cı illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında təhsil alıb.

I Qarabağ Müharibəsinin iştirakçısı olan S.Şirinov 1992-1994-cü illərdə Laçın, Kəlbəcər və Horadiz istiqamətlərində gedən döyüşlərdə yaralanıb.

1999-cu ildən Bakı şəhəri 106 nömrəli tam orta məktəbdə fiziki tərbiyə müəllimi vəzifəsində çalışır.

Vətən Müharibəsi başlayan kimi könüllü olaraq cəbhə bölgəsinə yollanan S.Şirinov Cəbrayıl, Qubadlı və Laçın istiqamətlərində gedən döyüşlərə iştirak edib. Vətən Müharibəsindəki şücaətinə görə o, "Laçın azad olunmasına görə" və "Qubadlının azad olunmasına görə" medalları ilə təltif olunub.

Həm I Qarabağ, həm də Vətən Müharibəsində iştirak edərək Vətənə olan borcunu yerinə yetirdiyini deyən S.Şirinov bir müəllim kimi torpaqlarımızın bundan sonra da etibarlı müdafiəsi üçün şagirdlərini vətənpərvər ruhda yetişdirməyi, onları düzgün məlumatlandırmağı və gənclərdə daha aydın təsəvvür yaratmağı qarşısına məqsəd qoyub.