“Bizi udmaq istəyənlər ağzının üstündən zərbə alacaq” - Putin Bişkekdə nəyə işarə etdi?

bizi-udmaq-isteyenler-agzinin-ustunden-zerbe-alacaq
Oxunma sayı: 289

Rusiya Prezidenti Vladimir Putin Bişkekdə keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən bu yaxınlarda dəniz qatilləri və ağ ayılar barədə işlətdiyi alleqoriyaya aydınlıq gətirib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “RIA Novosti” agentliyi məlumat yayıb.

Rusiya lideri verdiyi açıqlamanın mahiyyətini belə izah edib:

“Dəfələrlə dediklərimin mənası ondan ibarətdir ki, əgər kimsə bizi qida zəncirində aşağı sürükləməyə və udmağa, bütövlüklə həzm etməyə çalışarsa, ağzının üstündən bərk zərbə ala bilər”.

Xatırladaq ki, avqustun 29-da Vladimir Putin Uzaq Şimalda mövcud olan qida zəncirlərini və dəniz qatillərinin dəstə halında ağ ayılara hücum etmək davranışını nümunə çəkmişdi. O, bu misalların hansı dünyada yaşadığımızı və xüsusi hərbi əməliyyatın başlanma səbəblərini anlamağa kömək etdiyini bildirmişdi.

Onu da bildirək ki, dövlət başçısı, həmçinin xüsusi hərbi əməliyyatın başlanmasının əsas səbəblərindən birinin Ukraynada dövlət ideologiyasına çevrilmiş neonasizm olduğunu vurğulamışdı. O qeyd etmişdi ki, hətta “Rusiyaya rəğbəti olmayan” ölkələr, məsələn, Polşa da bu problemə diqqət yetirir.