İtaliyanın lüks avtomobil istehsalçısı “Ferrari”nin ilk tam elektrik modeli olan xüsusi hazırlanmış “Ferrari Luce” ABŞ-də keçirilən xeyriyyə hərracında rekord qiymətə satılıb.
“Qafqazinfo” xəbər verir ki, avtomobil Kaliforniyada, “Monterey Car Week” çərçivəsində “RM Sotheby's” tərəfindən təşkil olunan hərracda 40 milyon dollara (34,5 milyon avro) alıcı tapıb.
Bu məbləğ hərracda yeni avtomobil üçün indiyədək ödənilən ən yüksək qiymət olub. Satış qiyməti hərrac evinin avtomobil üçün müəyyən etdiyi 1,1 milyon dollardan çox ilkin qiymətləndirməni dəfələrlə üstələyib.
Satış “Ferrari”nin ilk tam elektrik modelini təqdim etməsindən təxminən üç ay sonra baş tutub. Qiyməti təxminən 550 min avro olan “Luce” xüsusilə dizaynına görə ciddi müzakirələrə səbəb olmuşdu.
Avtomobilin dizaynı Ser Coni Ayv və Mark Nyuson tərəfindən yaradılan “LoveFrom” kreativ kollektivinə məxsusdur.
“Ferrari Luce” hər biri ayrıca təkərə güc ötürən dörd elektrik mühərriki ilə təchiz edilib. Avtomobil ümumilikdə 1050 at gücünə malikdir. Model 0-dan 100 km/saat sürətə cəmi 2,5 saniyəyə çatır və maksimal sürəti 310 km/saatdır.
İstehsalçının məlumatına görə, 122 kVt/saat tutumlu batareya avtomobilə bir doldurma ilə 530 kilometrdən çox məsafə qət etməyə imkan verir.
Kaliforniyada hərraca çıxarılan avtomobil “Şassi 0” adlandırılıb və “Luce” proqramının ilk istehsal şassisi kimi təqdim edilib. Avtomobil xüsusi olaraq unikal kolleksiya nümunəsi kimi hazırlanıb.
“Ferrari”nin ilk elektrik modeli satışa çıxarıldıqdan sonra şirkətin səhmlərində müəyyən geriləmə müşahidə olunsa da, sonradan şirkətin maliyyə göstəricilərinin yaxşılaşması və “Luce” sifarişlərinin gözləntilərə uyğun olması fonunda səhmlərin qiyməti yenidən yüksəlib.
“Ferrari”nin xüsusi hazırlanmış “Daytona SP3” modeli 2025-ci ildə keçirilən hərracda 26 milyon dollara satılmışdı. Həmin satış yeni avtomobil üçün hərracda ödənilən ən yüksək qiymət rekordu hesab olunurdu.
Hərrac evinin məlumatına görə, “Ferrari Luce”nin satışından əldə olunan 40 milyon dolların tamamı təhsil layihələrini dəstəkləmək məqsədilə “Ferrari” Fonduna bağışlanacaq.
Son xəbərlər
Son Xəbərlər