Bu halda cərimə məhkumun əmlakından tutulacaq

bu-halda-cerime-mehkumun-emlakindan-tutulacaq
Oxunma sayı: 427

Məhkumlardan cərimənin məcburi qaydada tutulması ilə bağlı qanunvericiliyə dəyişiklik olunur.

“Qafqazinfo” xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Cəzaların İcrası Məcəlləsinə təklif olunan dəyişiklikdə öz əksini tapıb.  

Layihəyə əsasən, məhkum cəriməni müəyyən edilmiş müddətdə ödəmədikdə cərimə növündə cəzanın icrası hökmü çıxarmış məhkəmə tərəfindən məcburi qaydada icraya yönəldilməklə həyata keçirilir. Bu məhkumun əməkhaqqı və ya başqa qazancı olmadıqda, yaxud məhkumun əməkhaqqı və ya başqa qazancı cərimənin tamamilə ödənilməsi üçün kifayət etmədikdə cərimə məhkumun xüsusi mülkiyyətdə olan əmlakına və ya ümumi mülkiyyətdə olan payına yönəldilir və bu halda “İcra haqqında” Qanunun tələbin borclunun əmlakına yönəldilməsi ilə bağlı müddəaları tətbiq olunur.

Qeyd edilib ki, məhkum tərəfindən cərimənin müəyyən edilmiş müddətdə ödənilməməsi hallarında mövcud mexanizmin, yəni əvvəlcə məhkumun xüsusi mülkiyyətdə olan əmlakına və ya ümumi mülkiyyətdə olan payına, yalnız əmlak olmadıqda və ya kifayət etmədikdə əməkhaqqına və ya başqa qazancına yönəldilir. Qanunvericilikdə məsələnin bu cür tənzimlənməsi təcrübədə icra prosesini ləngidir, icra tədbirlərinin isə bəzən cərimənin məbləği ilə qeyri-mütənasib nəticələrə səbəb olduğu müşahidə olunur. Xüsusilə nisbətən kiçik məbləğli cərimələr üzrə yüksək dəyərli əmlaka həbs qoyulması və onun hərrac yolu ilə satışı həm vaxt itkisi, həm də əlavə prosedur xərcləri yaradır. Cərimənin icrasında prioritet ardıcıllığın yenidən nəzərdən keçirilməsini, o cümlədən cərimənin ilk növbədə məhkumun əməkhaqqına və ya başqa qazancına yönəldilməsini, icra prosesinin operativliyinin artırmasını və cərimə məbləğinə ekvivalent olmayan əmlaka həbs qoyulmasını və satış zərurətinin minimuma endirilməsini təmin etmək məqsədi ilə bu Qanun layihəsi hazırlanıb.

Nuranə Daxilqızı