“Bu, yaxşı hal deyil, bir-birimizə qarşı niyə düşmən olmalıyıq?”

bu-yaxsi-hal-deyil-bir-birimize-qarsi-niye-dusmen-olmaliyiq
Oxunma sayı: 1791

“Ölkədə bu barədə çox söhbət gedir, sosial şəbəkələrdə insanların bir-birinə düşməncəsinə həqarət etməsini, söyməsini görürük. Bu, heç də yaxşı hal deyil. Biz bir-birimizə qarşı niyə düşmən olmalıyıq?”

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Xalq artisti, tanınmış aktyor Qurban İsmayılov Redaktor.az-a açıqlamasında orta məktəblərdə vahid geyim tərzi ilə bağlı yaranmış müzakirələrə münasibətində bildirib.

O, məsələyə həm dini, həm də dövlət qanunvericiliyi nöqteyi-nəzərindən yanaşaraq maraqlı paralellər aparıb: “Elə bil ki, məscidə gedərkən ayaqqabı ilə daxil ola bilmərik, elə deyilmi? Məscid üçün dinin qəbul olunmuş qaydaları var, ora şortiklə girmək olmaz. Eyni ilə, dövlət də öz məktəbi üçün qanun və qərar verib ki, hicabla daxil olmaq olmaz. Deməli, dövlət nəyisə bilir ki, bu qərarı verib. Bizim bilmədiyimiz məqamlar ola bilər”.

Aktyor məsələnin sadə və qarşılıqlı anlayış çərçivəsində həll oluna biləcəyini qeyd edib: “Uşaq məktəbin qapısına qədər hicabla gələ bilər, daxil olarkən hicabını çıxarıb çantasına qoyar, dərsinə girər. Çıxanda isə təzədən hicabını bağlayıb gedər. Burada böyütməli bir problem yoxdur. Mən belə başa düşürəm ki, bu məsələyə görə insanların bir-birinə düşmən kəsilməsinə heç bir ehtiyac yoxdur”.