“Buna görə məyusuq” - Valdas Dambaruskas

buna-gore-meyusuq
Oxunma sayı: 841

“Sabah” bu gün UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində ilk matçını keçirib. Finlandiya klubuna qarşı görüşdə Azərbaycan çempionu 1:0 qalib gəlib.

“Qafqazinfo” xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında “Sabah”ın baş məşqçisi Valdas Dambrauskas oyun haqda fikirlərini bölüşüb:

“Qələbə münasibətilə hər kəsi təbrik edirəm. Hazırda böyük, möhtəşəm emosiyalar yaşayırıq. Düzdür, müəyyən məyusluq da var. Çoxlu qol epizodları yaratdıq, amma onları dəyərləndirə bilmədik. Futbolçular verilən tapşırıqları düzgün yerinə yetirdilər. Hər iki hissədə kifayət qədər imkanlarımız oldu. Təəssüf ki, top qapıya girmədi. Oyunun sonlarında isə bəxtimiz gətirdi, çünki rəqib hesabı bərabərləşdirə bilərdi. Bu məyusluğu unutmalı və növbəti oyuna hazırlaşmalıyıq. Qarşıda çətin səfər matçı var. “KuPS” bizi artıq yaxşı tanıyır. Uzun səfər edəcəyik və süni örtüklü meydanda oynayacağıq. İnanıram ki, səfər görüşündə yaratdığımız imkanlardan yararlana biləcəyik”

– Aaron Maludanın meydanda olmamasının səbəbi nə idi?

– Mənim məşqçi kimi vəzifəm sərəncamımda olan futbolçular arasından ən yaxşı heyəti seçmək və hazırlamaqdır. Futbolçular isə tələblərimizə hazır olmalı və qələbələrə töhfə verməlidirlər. Maluda nə fiziki, nə də psixoloji cəhətdən bu oyuna hazır idi.

– İkinci hissədə iki hücumçu meydana buraxdınız. Bunun səbəbi nə idi?

– Daha bir qol vurmaq istəyirdik. Meydanı tərk edən Aleksey İsayev və Kahim Parris əla oyun keçirdilər, çox böyük enerji sərf etdilər. Severina və Orfe Mbinanı meydana buraxmaqla hücumlarımızın sayını artırmaq istəyirdik. Həqiqətən də ikinci qola çox yaxın olduq.

– Cavab oyununda hücum futbolu oynayacaqsınız?

– Oyunu təhlil edəcəyik, nələri daha yaxşı edə biləcəyimizə baxacağıq. Bəli, bizi çətin qarşılaşma gözləyir. Finlandiyada yaxşı nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik.

– Komandanın bu qədər qol epizodunu dəyərləndirə bilməməsi sizi narahat etmir?

– Açığı, yox. Əgər bu epizodları yarada bilməsəydik, o zaman narahat olardım. Biz isə hər oyunda kifayət qədər qol imkanları yaradırıq. Bu gün “Nyu-Seynts”lə matçdakından daha çox epizod yaratdıq. Futbol elə oyundur ki, bəzən heç qol imkanı yaratmadan da nəticə əldə etmək mümkündür. Məsələn, dünya çempionatının finalını göstərmək olar: Argentina finalda qapıya belə zərbə vura bilmədi, amma oyun 120 dəqiqə davam etdi. Bu gün bizə sadəcə qol çatmadı. Qol tortun üzərindəki albalıdır.

– Yeni transferlərin start heyətində yer almaması nə ilə bağlıdır?

– Mövsüm hələ yeni başlayır. “Nyu-Seynts”lə səfər matçında yeni transfer Junyor Almeyda meydana çıxmışdı. Biz çempion komandayıq və bu uğurda payı olan futbolçuları qiymətləndirməliyik. Onları əsas heyətdən çıxarmaq istəmirəm. Onlar komanda daxilində yaxşı anlaşırlar. Yeni futbolçular isə uyğunlaşmalı, komandanı daha yaxından tanımalıdırlar. Həqiqətən də çox keyfiyyətli oyunçular transfer etmişik. Mən həmişə ən güclü heyəti seçmək istəyirəm. Geniş heyətimiz var və hər bir futbolçu komandaya fayda verə bilər. Bu gün kifayət qədər yaxşı oynadıq, lakin daha çox qol vura bilərdik. Məhz buna görə məyusuq.