Burada şəhid məzarı var, kimliyi bilinməsə də... - II yazı

burada-sehid-mezari-var-kimliyi-bilinmese-de
Oxunma sayı: 4870

Bakı Dövlət Universitetinin müəllimi Qismət Yunusoğlu Azərbaycanda şəxsiyyəti bəlli olmayan türk şəhid məzarlarının tarixçəsini araşdırır.

Onun bundan öncə paytaxtın Mərdəkan qəsəbəsi  və Abşeron rayonun Fatmayı kəndindəki adsız məzarlarla bağlı araşdırması saytımıza dərc olunub.

Q.Yunusoğlu bu dəfə Qobustan rayonu ilə bağlı araşdırmasını “Qafqazinfo”ya təqdim edib.

Rayonun araşdırılan ilk ünvanı da müdhiş 1918-ci ildə Şamaxı qəzasının tərkibində olmuş indiki Qobustan rayonunun Ərəbşalbaş kəndidir (el dili ilə desək “Ərəbcəbirri”). Qeyd etmək lazımdır ki, o dövrün qanlı soyqırım hadisələri bu rayonun demək olar ki, müsəlman və türk icmaları yaşayan bütün digər yaşayış məntəqələrini (Şıxzərli, Ərəbqədim, Qaracüzlü, Mərəzəli, Dağ Kolanı, Nabur, Cəyirli, Bəklə, Sündü, Təklə-Mirzəbaba, Acıdərə, Ərəbşalbaş...) də əhatə edib. Həmin hadisələrin şahidləri aramızda yaşamasalar da,  o qanlı vuruşlar zamanı Şəhid Türk döyüşçülərinin məzarları qədim Qobustan torpağını nurlandıran məbədlər kimi qalmaqdadır. 

Belə nur ocaqlarından bir neçəsi rayonun Ərəbşalbaş kəndi ərazisindədir. Kəndin cənub-şərq hissəsinin girişində 4 Şəhid türk məzarı və üzərində kənd sakini Hacı Nisə Qaraxan qızı Hüseynova tərəfindən 20.08.1993-cü il tarixdə inşa edilmiş  türbə  vardır. Bu kəndin yetirməsi, Şamaxı rayon Mərkəzi Xəstəxanasının həkimi Hacı Əzizxan Rizvan oğlu Fərhadov  isə 2014-cü ildə kəndin qərb hissəsində, “Bel yolu” üstündə (el arasında “Şəhid qəbri yeri” adlanır)  itib-batmaqda olan 3 türk məzarı yerində (kənddən 3 km aralı), yolun sağ və sol çiynində abidə-kompleks yaradıb. Yolun sağındakı iki  qara mərmər sinə daşı üzərində güllərdən hörülmüş “Allah” kəlməsi, baş daşı üzərində isə Hacı Əzizxan tərəfindən aşağıdakı sözlər yazılıb: “Allah rizası üçün canlarından, həyatlarından bizim varlığımız üçün keçən türk şəhidləri-adınızı bilməsək də, üzünüzü görməsək də, siz hamımızın əzizisiniz, bizə çox doğmasınız. Qəlbimizdə ən böyük  məhəbbət sizədir. Çünki sizi Allah sevir. Allah sevəni hamı sevməlidir. Nə qədər ki, Azərbaycan xalqı var, siz də bizimlə bərabərsiniz.” 

Baş daşında böyük türk şairi Məmməd  Akif Ərsoyun aşağıdakı beytləri də həkk olunub: 

      “Bayraqları bayraq yapan üstündəki al qandır, 
      Torpağ, əgər uğrunda ölən varsa, Vətəndir”

Bu qoşa qəbrin ətəyində, yalın sinəsinə çay daşlarından “Şəhidlər Allahın dostudur” kəlməsi  də nəqş edilib. 
Yolun solunda  eyni biçimdə müqəddəs  Qurani-şərifin “Əl-Bəqərə” surəsinin 154-cü ayəsinin - “Allah yolunda öldürülənlərə (şəhid olanlara) ölü deməyin. Əksinə, onlar (Allah dərgahında) diridirlər. Lakin siz bunu dərk etmirsiniz.”  Və “Ali İmran” surəsinin 169-cu ayəsinin –“Allah yolunda öldürülənləri (Şəhid olanları) heç də ölü zənn etmə. Əsl həqiqətdə onlar diridirlər, onlara Rəbbi yanında ruzi (Cənnət ruzisi) əta olunur.” - yazıları  ilə mübarəklənmiş bir məzar  da uyuyur. Qəbirin ətəyində çay daşlarından – “Allah dostu ilə dost ol!” sözü göz oxşayır.

Ərəbşalbaş kəndinin cənub-qərbində Sarı bulaq üstündə “Zeynal  qalağı” adlanan ərazidə türk döyüşçülərinin Sarı bəy adlı zabiti (bu bulağı həmin dövrdə türk əsğərləri yapdığı üçün onun şərəfinə adlandırılıb)  mənfur daşnak tərəfindən (xain hayın gizləndiyi iri daş parçası, dibində qaratikan kolu bitməklə  indi də  qalmaqdadır) arxadan qətlə yetirilib.  Geniş düzən ərazidə kənd camaatı və ağsaqqallarla müdafiə məqsədi ilə müzakirə-yığıncaq keçirən yerdə Şəhid olub,  türk zabitini elə oradaca dəfn ediblər. Bu  sahənin qərbində başqa bir türk Şəhidinin də məzarı vardır.

Ümumilikdə, Ərəbşalbaş kəndi ərazisində 10-dan çox türk döyüşçüsü Şəhid olub, bir neçəsinin qəbri sonrakı illərdə kənd ərazisində müxtəlif təsərrüfat və tikinti işlərinin aparılması nəticəsində yeri itirilib.