Cəlilabadda 11 nəfər paytaxt salatından zəhərləndi - Yenilənib

celilabadda-11-nefer-paytaxt-salatindan-zeherlendi
Oxunma sayı: 1949

Cəlilabad rayonunda zəhərlənmə olub.

“Qafqazinfo” xəbər verir ki, bir qrup rayon sakini zəhərlənmə diaqnozu ilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

İlkin olaraq onların sayının aralarında uşaqlar da olmaqla 10 nəfər olduğu deyilir.

Belə ki, Biləsuvar rayonunda əsgər yola salma qonaqlığında iştirak edən ailə evə qayıtdıqdan sonra özlərini narahat hiss ediblər.

Onların qonaqlıqda yedikləri paytaxt salatından zəhərləndikləri ehtimal olunur.

***

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) saytımıza bildirilib ki, sentyabrın 29-u saat 23:00 radələrində zəhərlənmə şübhəsi ilə 10 nəfər (5 kişi, 5 qadın) Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Zəruri tibbi xidmətlər göstərilən pasiyentlər ambulator müalicə üçün evə buraxılıblar.

***

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) sorğumuza cavab olaraq qeyd edilib ki, baş verən zəhərlənmə hadisəsi nəzarətdədir: “Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri tərəfindən aidiyyəti qurumlarla birgə araşdırmalara başlanılıb.

İlkin araşdırma zamanı hadisənin Biləsuvar rayonunda evdə təşkil olunan məclisdə baş verdiyi müəyyən edilib. Araşdırmaların nəticələrinə uyğun müvafiq tədbirlər görüləcək.

AQTA bir daha vətəndaşlara müraciət edərək bildirir ki, kütləvi tədbirlərdə qida məhsullarının hazırlanması, saxlanması və istehlaka təqdim olunması zamanı qida təhlükəsizliyi tələblərinə ciddi əməl edilməlidir.

Qidaların hazırlanması və saxlanması zamanı temperatur rejiminə, şəxsi gigiyena qaydalarına və digər qida təhlükəsizliyi tələblərinə tam riayət olunmaması qida zəhərlənmələri riskini artıra bilər”.

***

Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, 29 sentyabr 2026-cı ildə Cəlilabad rayonu Uzuntəpə kəndinin 11 sakininin qida zəhərlənməsi diaqnozu ilə xəstəxanaya müraciət etməsi faktı ilə bağlı Biləsuvar Rayon Prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, həmin şəxslər ambulator müayinədən keçirildikdən sonra evə buraxılıb.

Surxay Şahbazov