Consonun qaydaları pozduğunu göstərən şəkillər üzə çıxdı - Foto

consonun-qaydalari-pozdugunu-gosteren-sekiller-uze-cixdi
Oxunma sayı: 3318

Böyük Britaniyanın Baş naziri Boris Consonun COVID-19 məhdudiyyətlərinə baxmayaraq, nazirlikdə keçirilən ziyafətə qatıldığını əks etdirən yeni foto ortaya çıxıb.

“Qafqazinfo” xəbər verir ki, fotonu "ITV News" kanalı yayımlayıb.

Şəklin nazirlikdə 2020-ci ilin noyabrında kommunikasiya direktoru Li Keyn üçün keçirilən ziyafət zamanı çəkildiyi bildirilib.

Belə ki, fotoda Conson əlində içki ilə nitq söyləyir. 

Baş nazirin polis istintaqında bu fəaliyyətinə görə cərimə olunmadığı üzə çıxıb.

Müxalifət İşçi Partiyasından Angela Rayner Consonu yalan danışmaqda ittiham edib.

"Boris Conson dəfələrlə qanunu pozmaq barədə heç nə bilmədiyini deyib. İndi buna heç bir şübhə yoxdur, o, yalan danışıb. Conson qaydaları hazırlayıb, sonra isə onları pozub", - Rayner deyib.

Söz-söhbətə səbəb olan foto ilə bağlı araşdırmanın nəticələri bu həftə açıqlanacaq. 

Qeyd edək ki, Böyük Britaniyada polis 2020 və 2021-ci illərdə COVID-19 məhdudiyyətlərini pozduğu iddia edilən 12 hadisə ilə bağlı araşdırmaya başlayıb.

Keçən həftə başa çatan təhqiqat çərçivəsində Conson öz ad günündə iştirak etdiyinə görə cərimələnib.