“Dadaş böyük əzmkarlıq göstərdi”.
“Qafqazinfo” xəbər verir ki, bunu Azərbaycan Ağırlıqqaldırma Federasiyasının vitse-prezidenti Firdovsi Umudov Dadaş Dadaşbəylinin Tailandın Phuket şəhərindəki Dünya Kubokunda 3 gümüş medal qazanması ilə bağlı danışarkən deyib.
Qurum rəsmisi idmançının Avropa çempionatından sonra ciddi zədələr aldığını xatırladıb: “O, bu yarışda da bütün yeniyetmə və gənc idmançılarımıza örnək bir hərəkət nümayiş etdirdi. Onun ağrılarının və indiki vəziyyətinin şahidi idik. Həm Dadaşın özünə, həm də şəxsi məşqçisinə xüsusi təşəkkürümü bildirirəm. İnanıram ki, bütün bunlar gənc idmançılarımıza böyük motivasiya olacaq”.
Umudov martın 30-u Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının xüsusi Konqresinin keçirildiyini söyləyib: “Təşkilatın rəhbərliyi ilə bir sıra görüşlərimiz gerçəkləşdi. Federasiya olaraq belə toplantıların böyük önəm kəsb etdiyini düşünürəm. Beynəlxalq federasiyanın prezidenti Məhəmməd Caludla müəyyən məsələlər müzakirə etdik, gələcəkdə ölkəmizdə keçiriləcək yarışlar, seminarlar və digər məsələlər barədə də danışdıü. Görüş zamanı dövlət başçısı İlham Əliyev tərəfindən idmana və idmançılarımıza göstərilən qayğı və diqqətdən də söz açıldı. İnanıram ki, bizim federasiyanın planlarında da dəyişiklik olacaq”.