“Daşaltı kəndində düşmənə layiqli cavab verdim” - Fotolar

“Daşaltı kəndində düşmənə layiqli cavab verdim”
Oxunma sayı: 2102

Bakı Şəhəri üzrə Təhsil İdarəsi və “Qafqazinfo”nun “Qəhrəman müəllimlərimizi tanıyaq” layihəsi çərçivəsində oxuculara Vətən müharibəsi iştirakçısı olan müəllim Əli Abbasovun bioqrafiyasını təqdim edirik:

Vətən Müharibəsində şanlı zəfərin qazanılmasında iştirak edən, döyüş meydanındakı qəhrəmanlıqları ilə vətənpərvərlik dərsi keçən Əli Bəylər oğlu Abbasov 1979-cu ildə anadan olub.

Ə.Abbasov 1996-cı ildə Bakı şəhəri 180 nömrəli tam orta məktəbi bitirib, 1997-2001-ci illərdə Bakı Dövlət Universitetində təhsil alıb.

2002-ci ildə ehtiyatda olan zabit kimi leytenant rütbəsi ilə motoatıcı taqım komandiri vəzifəsində cəbhə bölgəsində xidmət edib. 2004-cü ildə baş leytenant rütbəsi alıb.
2001-ci ildən 180 nömrəli tam orta məktəbdə Azərbaycan dili və ədəbiyyatı müəllimi vəzifəsində çalışır.

Bir övlad atası olan Ə.Abbasov Vətən Müharibəsi başlayan kimi könüllü olaraq səfərbərliyə yazılıb. Füzuli, Qubadlı və Şuşa istiqamətlərində gedən döyüşlərdə iştirak edərək xəsarət alsa da, mübarizəsini dayandırmayıb. Vətən Müharibəsindəki şücaətinə görə o, “Füzulinin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medallarına layiq görülüb.

Müəllimi şəhid Azər Namazovun həlak olduğu Daşaltı kəndində düşmənə layiqli cavab verdiyini deyən Ə.Abbasov müəlliminə olan borcunu ödəməkdən mənəvi rahatlıq tapdığını bildirir.