Döyüşçü kimi qəhrəman olmaq xoşbəxtliyi... - Fotolar

doyuscu-kimi-qehreman-olmaq-xosbextliyi
Oxunma sayı: 1767

Bakı Şəhəri üzrə Təhsil İdarəsi və “Qafqazinfo”nun “Qəhrəman müəllimlərimizi tanıyaq” layihəsi çərçivəsində oxuculara Vətən müharibəsi iştirakçısı olan müəllim Elnur İsayevin bioqrafiyasını təqdim edirik:

Vətən Müharibəsində qəhrəmanlıqları ilə vətənpərvərlik dərsi keçən, yetirmələri olan keçmiş şagirdlərlə çiyin-çiyinə döyüşən Elnur Qaytalı oğlu İsayev 1976-cı ildə anadan olub.
1993-cü ildə Gəncə şəhər Nizami Aydın adına 18 nörməli tam orta məktəbi bitirib. 1993-1997-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alıb.

Həyatının böyük bir hissəsini hərbə həsr edən E.İsayev 1997-1998-ci illərdə Xüsusi Təyinatlı Qüvvələrdə, 1998-2001-ci illərdə Beyləqan-Xocavənd, 2001-2004-cü illərdə Füzuli-Cəbrayıl, 2004-2006-cı illərdə Ağdam-Ağcabədi, 2006-2010-cu illərdə Cəlilabad, 2010-2012-ci illərdə Beyləqan-Füzuli, 2012-2014-cü illərdə Gəncə-Ağstafa bölgəsində müxtəlif vəzifələrdə xidmət edib.

Hərbi xidmətdə olduğu dövrdə bir sıra təltiflərə layiq görülüb. Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən “Qüsursuz xidmətə görə” III dərəcəli medalı, “Qüsursuz xidmətə görə” II dərəcəli medalı, “Qüsursuz xidmətə görə” I dərəcəli medalı, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi” və “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi” yubiley medalları ilə təltif olunub.

2017-ci ildən paytaxtdakı 160 nömrəli Klassik Gimnaziyada Gənclərin çağırışaqədərki hazırlığı rəhbəri vəzifəsində çalışır.

İki övlad atası olan E.İsayev Vətən Müharibəsi başlayan kimi könüllü olaraq səfərbərliyə yazılıb. Füzuli- Xocavənd istiqamətlərində gedən döyüşlərdə iştirak edərək ağır yaralanıb.
Vətən Müharibəsindəki şücaətinə görə o, “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medallarına layiq görülüb.

Torpaqlarımız uğrunda gedən döyüşlərdə yorulmadan mübarizə aparan E. İsayev bu gün şagirdlərinin gözündə müəllim kimi fədakar, döyüşçü kimi qəhrəman olmaqdan qürur duyduğunu bildirir.