Döyüşdəki qəhrəmanlıqları ilə vətənpərvərlik dərsi keçən müəllim... - Fotolar

doyusdeki-qehremanliqlari-ile-vetenperverlik-dersi-kecen-muellim
Oxunma sayı: 2346

Bakı Şəhəri üzrə Təhsil İdarəsi və “Qafqazinfo”nun “Qəhrəman müəllimlərimizi tanıyaq” layihəsi çərçivəsində oxuculara Vətən müharibəsi iştirakçısı olan müəllim Eldəniz Niftiyevin bioqrafiyasını təqdim edirik.

Vətən Müharibəsində şanlı zəfərin qazanılmasında iştirak edən, döyüş meydanındakı qəhrəmanlıqları ilə vətənpərvərlik dərsi keçən Eldəniz Əjdər oğlu Niftiyev 1977-ci ildə anadan olub.

1994-cü ildə Biləsuvar rayonu Nəsimi kənd tam orta məktəbini bitirib. 1994-1998-ci illərdə Bakı Ali Birləşmiş Komandirlər Məktəbində təhsil alıb. 1998-ci ildə leytenant, 2000-ci ildə baş leytenant, 2003-cü ildə kapitan, 2007-ci ildə mayor, 2014-cü ildə isə polkovnik-leytenant rütbəsini alıb. Bundan əlavə, 2002-2015-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində zabit kadrlarının hazırlanmasında iştirak edib.

Hərbi xidmətdə olduğu dövrdə bir sıra təltiflərə layiq görülüb. Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən “Qüsursuz xidmətə görə” III dərəcəli medal, “Qüsursuz xidmətə görə” II dərəcəli medal, “Qüsursuz xidmətə görə” I dərəcəli medal və “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi”, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi” yubiley medalları ilə təltif olunub.

2018-ci ildən paytaxtdakı 329 nömrəli tam orta məktəbdə Gənclərin çağırışaqədərki hazırlığı rəhbəri vəzifəsində çalışır.

Bir övlad atası olan E.Niftiyev Vətən Müharibəsi başlayan kimi könüllü olaraq səfərbərliyə yazılaraq Murovdağ istiqamətində gedən döyüşlərdə iştirak edib.

Vətən Müharibəsindəki şücaətinə görə o, “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medala layiq görülüb.

Şagirdlərin Vətən Müharibəsində qazanılan zəfərimiz və hərbçilərimizin qəhrəmanlığı haqda söhbətləri böyük maraqla qarşıladığını deyən, E.Niftiyev onlara hər zaman Vətəni, milləti sevməyi aşılayacağını qarşısına məqsəd qoyub.