“Düşmənə elə bir dərs verdik ki…” - Qazi müəllim+Fotolar

dusmene-ele-bir-ders-verdik-ki
Oxunma sayı: 2128

Bakı Şəhəri üzrə Təhsil İdarəsi və “Qafqazinfo”nun “Qəhrəman müəllimlərimizi tanıyaq” layihəsi çərçivəsində oxuculara Vətən müharibəsi iştirakçısı olan müəllim Fəyaz İbişovun bioqrafiyasını təqdim edirik:

Vətən Müharibəsində şanlı zəfərin qazanılmasında iştirak edən, döyüş meydanındakı qəhrəmanlıqları ilə vətənpərvərlik dərsi keçən, yetirmələri olan keçmiş şagirdlərlə çiyin-çiyinə döyüşən Fəyaz Allahşükür oğlu İbişov 1978-ci ildə anadan olub.

1995-ci ildə Cəlilabad rayonu Qarakazımlı kənd tam orta məktəbini bitirib. 1996-2001-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Gənclərin çağırışaqədərki hərbi hazırlıq və fiziki tərbiyə fakültəsində təhsil alıb. 2001-ci ildə leynetant, 2003-cü ildə baş leytenant rütbəsi alıb.

F.İbişov hərbi ilə yanaşı idman sahəsində də böyük uğurlara imza atıb. Belə ki, o, karate idman növü üzrə bir sıra ölkədaxili və beynəlxalq yarışlarda qələbələr qazanıb. F.İbişov 2018-ci ildə Azərbaycan Karate-Do Federasiyası tərəfindən V DAN qara kəmər ustası və hakimlik kateqoriyasına, 2021-ci ildə Dünya Layt Kontakt Karate Konfederasiyasının VII DAN qara kəmər ustası adına layiq görülüb.

2017-ci ildən Bakı şəhəri 241 nömrəli tam orta məktəbdə fiziki tərbiyə müəllimi vəzifəsində çalışır.

Vətən Müharibəsi başlayan kimi könüllü səfərbərliyə yazılan F.İbişov Füzuli, Hadrut, Şuşa istiqamətlərində gedən döyüşlərdə iştirak edərək yaralanıb. Vətən Müharibəsindəki şücaətinə görə o, “Füzulinin azad olunmasına görə” medalına layiq görülüb və kapitan rütbəsi alıb.

Düşmənə elə bir dərs verdik ki, çətin bir də bizi torpaqlarımızla sınağa çəkələr deyən F.İbişov bundan sonra da şagirdlərinin milli ruhda yetişməsi üçün əlindən gələni əsirgəməyəcəyini bildirir.