Ələt-Astara yolundakı çəpərləri sökənlər cəzalandırıldı

elet-astara-yolundaki-ceperleri-sokenler-cezalandirildi
Oxunma sayı: 1864

Ələt-Astara magistral yolunun kənarındakı mühafizə çəpərlərini sökən şəxslər saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan “Qafqazinfo”ya bildirilib ki, çəpərləri kəsərək mal-qaranın nəqliyyat vasitələrinin yüksək sürətlə hərəkət etdiyi yol çıxmasına şərait yaradan şəxslərin kimliyi müəyyənləşdirilib.

Bildirilib ki, bundan əvvəl magistralın ətrafındakı mühafizə çəpərlərinin sökülməsinin, habelə mal-qaranın nəzarətsiz yollara buraxılmasının törədə biləcəyi təhlükə və fəsadlar barədə ətraf ərazidə yaşayan vətəndaşlara məlumat verilib, izahat işləri aparılıb: “Lakin müşahidələr nəticəsində hələ də qeyd edilən əməli törədərək hərəkət iştirakçıları üçün real təhlükə yaradan şəxslərin olduğu müəyyən edilib. Ələt-Astara magistral yolunun Lənkəran rayonu ərazisindən keçən hissəsində müxtəlif kəndlərin ərazisindəki mühafizə çəpərlərini kəsərək mal-qarasını magistral yola buraxan 7 nəfər rayon sakini müəyyən edilərək Lənkəran Şəhər Rayon Polis Şöbəsinə gətirilib və onlarla profilaktik söhbətlər aparılıb. Toplanmış materiallar üzrə onların hər biri barəsində qanunamüvafiq tədbirlər görülüb”.

Qeyd edək ki, mövzu ilə bağlı bir neçə gün əvvəl saytımızda şikayət məzmunlu yazı dərc edilmişdi.