Əri vurdu, gözünü itirdi - “Mənimlə eyni evdə yaşaya bilər...”

eri-vurdu-gozunu-itirdi
Oxunma sayı: 3834

Bir müddət öncə Bakının Yasamal rayonu ərazisində birgə yaşadıqları evdə ərinin yetirdiyi xəsarət nəticəsində bir gözünü itirmiş Anastasiya Bektimirova videomüraciət yayıb.

“Qafqazinfo” xəbər verir ki, A.Bektimirova keçmiş həyat yoldaşı Yalçın Bektimirovun törətdiyi əmələ görə həbs edildiyini, bir müddət sonra azadlığa çıxacağını bildirib. O qeyd edib ki, münaqişəli vəziyyətdə olduğu keçmiş əri azadlığa çıxandan sonra birgə yaşadıqları mənzilə qayıdaraq həmin evdə yaşaya bilər.

O, yaranmış vəziyyətin özü və övladı üçün təhlükəli olduğunu bildirərək kömək istəyib. Hadisə günü haqda danışan Anastasiya bildirib ki, həyat yoldaşının növbəti işgəncəsindən sonra gözündən zədə alıb və xəstəxanaya çatdırılıb: “Məni təcili əməliyyat etdilər, 5 gün orada qaldım. Bundan sonra yenidən 2 dəfə əməliyyata girdim və gözüm çıxarılaraq yerinə protez taxıldı. 

Fotoda: Yalçın Bektimirov

Mən əlil oldum, hazırda yenə əməliyyat olunmalıyam və buna pul lazımdır. İndiyə qədər təqsirləndirilən şəxs səhhətimlə bağlı heç bir köməklik göstərməyib.  Ailəmizin maşını isə onun qardaşı Elçinə verilib”. 

A.Bektimirova özünü və uşaqlaırnı təhlükədə hiss etdiyini, çox qorxduğunu əlavə edib. 

Qadın videonun sonunda taxılmış göz protezini çıxararaq hazırki vəziyyətini nümayiş etdirib. 

Qeyd edək ki, məhkəmə materiallarından həmin mənzilin Y.Bektimirova ilə A.Bektimirovanın birgə mülkiyyətində olması məlum olub. İşlə bağlı apellyasiya məhkəməsi 25 apreldə keçiriləcək. 

Xatırladaq ki, Yasamal Rayon Məhkəməsinin hökmü ilə Yalçın Bektimirov Cinayət Məcəlləsinin 133.2.6-cı (Əzab vermə) maddəsi ilə təqsirli bilinib. Həmin vaxt ona 2 il həbs cəzası təyin edilib. Anastasiya Bektimirova ərinin ona mütəmadi şiddət göstərdiyini bildirib.

 Anastasiya Bektimirovanın gözünü itirməzdən əvvəlki və sonrakı fotolarını təqdim edirik: