Dilimizdə “aşınma” deyilən bir söz var. Bu sözün yükü öz mənasından da ağırdır. Çünki aşınma bir anın yox, uzun zamanın hekayəsidir.
Qəfil qırılmaqda bir az da olsa təsəlli var; insan heç olmasa harada, necə sındığını bilir. Amma aşınmaq başqa şeydir — zərrə-zərrə özündən azalmaqdır. Cəmiyyət olaraq içindən keçdiyimiz mənəvi vəziyyət də məhz belə bir aşınmadır.
Biz birdən-birə qəddarlaşmadıq, birdən-birə bu riyakarlıq girdabına yuvarlanmadıq; hər hadisədə ədalət tərəzimizin oxunu bir az daha əydik bir də gördük ki, tərəzi artıq haqqı yox, emosiyanı ölçür.
Son günlərdə aktyor Taleh Yüzbəyovun iştirak etdiyi dondurma reklamı ətrafında qopan virtual tufan, bizə güzgüdəki həmin o azalan mənliyimizi bütün çılpaqlığı ilə göstərdi.
Reklamın özü, harasından baxsanız, bəsit, zövqsüz və cinsiyyətçi bir təfəkkürün rəf məhsuludur.
Bir qidanın “təbii” və ya “qatqılı” olmasını qadınların xarici görünüşü, konkret olaraq “estetikli” və “estetiksiz” obrazlar üzərindən müqayisə etmək, insan bədənini market rəfindəki bir istehlak materialı kimi masaya yatırmaqdır.
Lakin bu yaradıcılıq uğursuzluğuna qarşı yönələn kütləvi hiddət, qısa zamandaca elə bir eybəcər formaya büründü ki, müdafiə olunan iddialarla törədilən əməllər arasındakı uçurum reklamın öz qüsurunu kölgədə qoydu.
Bir aktyorun yanlış işini, cinsiyyətçi alt mətnini tənqid etmək bəhanəsi ilə yola çıxanlar, məsələyə heç bir aidiyyəti olmayan Taleh bəyin həyat yoldaşını, hətta azyaşlı qızını virtual edam kürsüsünə çıxardılar. Özü də bunu məhz “qadın haqları” və “insan ləyaqəti” bəhanəsi ilə etdilər. Ortadakı bu fəlakətli ədalətsizlik balansı, müasir linç mədəniyyətinin orta əsrlər inkvizisiyasından heç də fərqlənmədiyini sübut edir.
Ekran qarşısında bir qadının hüququnu qoruduğunu zənn edən klaviatura cəngavərləri, ekranın o biri tərəfindəki günahsız bir qadının və uşağın psixoloji toxunulmazlığına amansızcasına təcavüz etdilər.
Biz zərərverici bir dilə etiraz edərkən, özümüz daha böyük, daha amansız bir zorakılıq alətinə çevrilirik. Bu korluğun kökləri isə reklamın manipulyasiya etmək istədiyi, lakin cəmiyyətdə artıq massivləşən estetik əməliyyatların dərin psixoloji pərdəarxasına gedib çıxır.
Bu gün estetika təkcə tibbi bir müdaxilə yox, müasir dövrün, sosial şəbəkə filtrlərinin və qlobal “mükəmməllik” diktaturasının yaratdığı dərin sosioloji travmanın, qəbul olunmaq və təhlükəsizlik axtarışının nəticəsidir. Bu kütləvi standartlaşma bizi Mopassanın məşhur “Eybəcərlər anası” hekayəsindəki dəhşətli reallıqla üz-üzə qoyur. Mopassanın hekayəsindəki qadın, cəmiyyətin qəribə zövqlərinə xidmət etmək və pul qazanmaq üçün öz bətnindəki uşaqları qəsdən deformasiyaya uğradıb sirkə satırdı. Bu günün gözəllik sənayesi və sosial media alqoritmləri də müasir “Eybəcərlər anası” kimi işləyir: əvvəlcə insanlarda öz təbii bədənlərinə qarşı narazılıq və dismorfofobiya yaradır, sonra isə hamını eyni konveyerdən çıxmış kimi eyniburunlu, eynidodaqlı insana çevirir.
Biz fərdiliyini itirmiş “mükəmməl eybəcərlər” sirkində yaşayırıq. Və bu ağır psixoloji təzyiq altındakı insanlara reklam çarxında “Siz qatqılı dondurmasınız” mesajı vermək nə qədər kor-koranə və qəddar bir yanaşmadırsa, bu travmanın kütləvi hirsini reklam çarxından çıxarıb günahsız bir qadına tökmək də bir o qədər eybəcərdir. Mənəvi aşınmamız və tərəzinin əyilən oxu özünü ən ağrılı şəkildə prioritetlərimizdə, həssaslığımızın seçiciliyində büruzə verir. Cəmi bir həftə əvvəl, şəhərin mərkəzində bir qadın əri tərəfindən güllələnərək vəhşicəsinə qətlə yetirildi.
Real bir insan həyatının məhv edilməsi, ən təməl yaşamaq hüququnun tapdanması bu cəmiyyətdə və qadın haqları fəallarında bir dondurma reklamı qədər rezonans doğurmadı, bu qədər kütləvi gündəmə çevrilmədi.
Çünki biz real cinayətlərin, sistemli zorakılıqların yaratdığı qorxudan qaçmaq üçün özümüzə daha rahat, daha təhlükəsiz virtual hədəflər seçirik.
Küçədəki güllə səsi bizi qorxudur, çünki o güllə cəmiyyətin dərin qaranlığından, sistemli boşluqlarından atılıb və onunla mübarizə aparmaq real cəsarət, uzunmüddətli fəaliyyət tələb edir.
Aktyor, bloqer və onun günahsız balası isə asan hədəfdir. Onları daş-qalaq etmək qəzəbi boşaltmağın və özünü “ədalətli” hiss etməyin ən ucuz, ən rahat yoludur. Bir qadının real ölümünə pıçıldayaraq reaksiya verib, bir dondurma reklamına virtual dünyada qışqıran cəmiyyətin ədalət tərəzisi çoxdan qırılıb. Aşınma davam edir. Biz hər dəfə günahkarı cəzalandırmaq bəhanəsi ilə günahsızları hədəf seçəndə, hər dəfə real faciələrə göz yumub virtual şoularda qəhrəmanlıq axtaranda özümüzdən bir zərrə daha itiririk.
Nə qədər ki, tənqidimizdə ədalətli, qəzəbimizdə obyektiv olmağı öyrənməmişik, müdafiə etdiyimizi iddia etdiyimiz hər bir dəyər sadəcə Mopassanın sirki üçün yeni bir nümayiş obyektindən ibarət olacaq. Özümüz fərqinə varmadan eybəcərləşmək istəmiriksə, bu aşınmanı dayandırmalı və ilk növbədə mənəvi tərəzimizin oxunu düzəltməliyik. Cəmiyyəti ayaqda saxlayan təkcə həssaslıq deyil. Həssaslığın ədalətli olmasıdır.
Nərmin Dadaşova
Xüsusi olaraq “Qafqazinfo” üçün
