Faciə və möcüzə eyni gündə yaşandı

facie-ve-mocuze-eyni-gunde-yasandi
Oxunma sayı: 546

Yaponiyanın simvolu sayılan Fuci dağında eyni gündə biri faciə, digəri isə möcüzə ilə nəticələnən iki hadisə yaşanıb. Dırmanış zamanı səhhəti pisləşən 58 yaşlı isveçrəli turist həyatını itirib, 99 yaşlı yapon qadın isə yaralı vəziyyətdə sağ tapılaraq xilas edilib.

“Qafqazinfo” xəbər verir ki, 3776 metr hündürlüyü olan Fuci dağına qalxan 58 yaşlı turist yürüş zamanı huşunu itirib.

Polis bildirib ki, tibbi qruplar onun həyatını xilas etməyə çalışsa da, turist xəstəxanada vəfat edib.

Mərhumun İsveçrədə fəaliyyət göstərən evtanaziya təşkilatı EXIT-in rəhbəri Bernhard Sutter olduğu açıqlanıb. Təşkilat onun ailəsi ilə birlikdə Yaponiyada istirahətdə olarkən səhhətində problem yarandığını bildirib.

Bu hadisə 1 iyulda başlayan Fuci dağına dırmanma mövsümündə ikinci ölüm hadisəsi olub. Mövsümün ilk ölüm faktı isə 17 iyulda 65 yaşlı yapon alpinistin başından aldığı xəsarət nəticəsində qeydə alınıb.

Eyni gün Fuci dağında daha bir hadisə baş verib. 99 yaşlı yapon qadın Tome Saqava dırmanış zamanı xəsarət alaraq dağda qalıb.

Gecəni dağda keçirən yaşlı qadın ertəsi gün axtarış-xilasetmə qrupları tərəfindən sağ tapılıb və təhlükəsiz əraziyə endirilib.

Yaponiya polisi Fuci dağına çıxmaq istəyən turistlərə hava şəraitini və fiziki hazırlıq səviyyələrini nəzərə almağı tövsiyə edib.

Səlahiyyətlilər sağlamlıq problemi yaranan və ya hava şəraiti pisləşən şəxslərin yürüşü davam etdirməməli olduğunu vurğulayıb.

Son illərdə həddindən artıq turist axını və hazırlıqsız ziyarətçilər səbəbindən Fuci dağında təhlükəsizlik məsələləri gündəmə gəlib.

Yamanaşi prefekturası 2024-cü ildən ən çox istifadə edilən Yoşida marşrutunda gündəlik alpinist sayını 4 min nəfərlə məhdudlaşdırıb və giriş haqqı tətbiq edib. Bu ödəniş 2025-ci ildə 4 min yenə qədər artırılıb.

Şizuoka prefekturası da üç dağ marşrutunda analoji qaydaları tətbiq etməyə başlayıb.

Rəsmi məlumatlara görə, ötən il Fuci dağını 200 mindən çox insan ziyarət edib. 2024-cü il mövsümündə dağda 9 nəfər həyatını itirib, 2025-ci ildə isə ölüm hadisəsi qeydə alınmayıb.