Sentyabrın 8-də BMT Baş Assambleyasının (BA) builki, yəni 81-ci sessiyası işinə başlayıb. Dövlət və hökumət başçılarının iştirak etdiyi Yüksəksəviyyəli Həftə isə sentyabrın 22-dən 28-dək davam edəcək. Hazırda dünya liderləri Nyu-Yorkda bir araya gələrək müxtəlif mövzular ətrafında müzakirələri, eləcə də ikitərəfli görüşləri davam etdirirlər.
BMT Baş Assambleyasının ilk sessiyası isə 1946-cı ildə Londonun Vestminster sarayında keçirilib. Həmin vaxt təşkilatın tərkibində yalnız 51 dövlət olub, hazırda isə Baş Assambleyaya 193 dövlət daxildir. Bu sessiyalar bu günümüzə qədər təkcə əhəmiyyətli çıxışlarla deyil, həm də bir çox maraqlı anlarla yadda qalıb.
“Qafqazinfo” BMT BA iclaslarının 81 illik tarixi ərzində baş vermiş ən yaddaqalan və maraqlı anların bir qismini təqdim edir:
Ən uzunmüddətli çıxış
Kuba lideri Fidel Kastro 1960-cı il sentyabrın 26-da Baş Assambleya iclaslarının tarixində ən uzun çıxışı edib. Həmin çıxış 269 dəqiqə davam edib. Məhz bu çıxışdan sonra tribunada xüsusi işıq quraşdırmaq qərarı qəbul olunub. Həmin işıq 15 dəqiqəlik reqlament aşıldıqda yanmağa başlayır və çıxışın artıq başa çatmalı olduğunu bildirir.
Fotoda: Fidel Kastro

BMT-dən çıxmaq üçün ilk və yeganə cəhd
20 yanvar 1965-ci ildə İndoneziya Malayziyanın BMT Təhlükəsizlik Şurasına seçilməsinə etiraz olaraq təşkilatdan çıxmaq barədə qərar qəbul edib. Lakin bu qərara baxmayaraq, İndoneziyanın bayrağı təşkilatın binasının önündə aşağı endirilməyib. Bundan cəmi bir neçə ay sonra - 1966-cı il sentyabrın 19-da göndərilən teleqramda İndoneziya “BMT ilə əməkdaşlığı və onun fəaliyyətində tam səviyyədə iştirakı bərpa etmək” qərarını açıqlayıb.

İclasda körpə
BMT BA sessiyalarının ən azyaşlı iştirakçısı Yeni Zelandiyanın Baş naziri Casinda Ardernin qızı olub. 2018-ci ildə Baş nazir südəmər üçaylıq körpəsi ilə iclasa qatılıb. Uşağın rəsmi buraxılış kartının üzərində isə “First Baby” (“İlk körpə”) yazısı qeyd olunub.
Fotoda: Casinda Ardernin həyat yoldaşı Klark Qeyfrod və qızı Niv

İlk onlayn iclas
Baş Assambleyanın iclasları ənənəvi olaraq əyani formatda keçirilir. Lakin 2020-ci ildə COVID-19 pandemiyası səbəbindən Baş Assambleyanın sessiyası tarixdə ilk dəfə onlayn formatda keçirilib. Həmin vaxt liderlərə çıxışlarını əvvəlcədən yazmaq təklif olunub, onların çıxışları isə BMT-nin 193 üzv ölkəsinin hər birinin bir diplomat göndərə biləcəyi Baş Assambleyanın salonunda yayımlanıb.

Ərafatın zeytun budağı
1974-cü ildə Fələstin Azadlıq Təşkilatının lideri Yasir Ərafat ilk dəfə Baş Assambleyanın iclasında çıxış edib.
“Bu gün mən bura bir əlimdə zeytun budağı, digər əlimdə azadlıq mübarizinin silahı ilə gəlmişəm. Zeytun budağının əlimdən düşməsinə imkan verməyin”, - çıxışı zamanı Ərəfat deyib.
1974-cü il noyabrın 13-də çəkilmiş fotoda Yasir Ərafatın belində tapança qabına bənzər əşyanın olduğu görünür. Ərafatın mühafizəçilərindən birinin jurnalistə bunun tapança olduğunu dediyi iddia olunur.
Fotoda: Yasir Ərafat

Üqo Çavesin “şeytanı”
2006-cı ildə çıxışı zamanı Venesuela Prezidenti Üqo Çaves ABŞ lideri Corc Buş-oğula işarə edərək, bir gün əvvəl həmin tribunada “şeytan”ın çıxış etdiyini bildirib və xaç işarəsi çəkib.
Fotoda: Üqo Çaves

Xruşşovun ayaqqabısı haqqında əfsanə
BMT Baş Assambleyasının ən coşqun iclaslarından biri 1960-cı il oktyabrın 12-də keçirilib. İclas zamanı son dərəcə emosional çıxış edən SSRİ KP MK-nın Birinci katibi Nikita Xruşşov olub. Bir çox şahidlər Xruşşovun Baş Assambleyanın iclası zamanı ayaqqabısı ilə masaya döydüyünü iddia etsələr də, BMT kitabxanasında bununla bağlı rəsmi sübutlar qalmayıb.
Fotoda: Nikita Xruşşov

Dinozavrdan iqlim dəyişikliyi haqqında mesaj
2021-ci ildə BMT Baş Assambleyasında Frenki adlı dinozavr “çıxış edib”.
BMT-nin İnkişaf Proqramının (BMTİP) 27 oktyabrda dərc etdiyi videoçarxda Frenki adlı dinozavr çıxış edərək bəzi ölkələrin qlobal istiləşməyə səbəb olan hərəkətlərinin fəsadının insanların da onlar kimi məhv olması ola biləcəyini bildirib.