FIFA həmin qalmaqaldan sonra intizam prosedurlarını nəzərdən keçirəcək

fifa-hemin-qalmaqaldan-sonra-intizam-prosedurlarini-nezerden-kecirecek
Oxunma sayı: 297

FIFA (Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası) 2026-cı il Dünya Çempionatı zamanı ABŞ milli komandasının hücumçusu Folarin Baloquna tətbiq edilmiş cəzanın ləğv edilməsi ilə bağlı yaranan qalmaqaldan sonra öz intizam prosedurlarını nəzərdən keçirəcək.

“Qafqazinfo” xəbər verir ki, bu qərarla bağlı təfərrüatlar təşkilatın rəsmi saytında dərc olunub.

Belə ki, Sürixdə keçirilən FIFA Şurasının iclasında təşkilatın intizam prosedurlarına yenidən baxması barədə qərar qəbul edilib. Məsələ ilə bağlı hesabatın 2026-cı ilin dekabrına planlaşdırılan növbəti iclasda təqdim olunması nəzərdə tutulur.

Qeyd edək ki, Baloqun Dünya Çempionatının 1/16 final mərhələsində Bosniya və Herseqovinaya qarşı keçirilən oyunda meydandan qovulmuşdu. FİFA-nın qaydalarına əsasən, o, 1/8 finalda Belçikaya qarşı keçiriləcək oyunda iştirak edə bilməzdi. Lakin FİFA hücumçuya tətbiq edilən cəzanın icrasını dayandıraraq, onun oyunda iştirakına icazə verdi. Bundan qısa müddət sonra mediada ABŞ Prezidenti Donald Trampın İnfantino ilə şəxsən əlaqə saxlayaraq, Baloqunla bağlı cəzanın ləğv edilməsini təkid etdiyi barədə xəbərlər yayıldı. ABŞ lideri sonradan həmin zəngi etdiyini təsdiqlədi.