“Flydubai” İsrailə uçuşları dayandırdı

flydubai-israile-ucuslari-dayandirdi
Oxunma sayı: 285

“Flydubai” aviaşirkəti Dubay – Təl-Əviv reysi zamanı təyyarənin göyərtəsində baş verən insidentlə bağlı İsrailə bütün uçuşları müvəqqəti olaraq dayandırıb.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə daşıyıcının mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, sentyabrın 30-da səhər saatlarında göyərtəsində 174 nəfər sərnişinin olduğu avialayner qəfildən hündürlüyü itirərək əvvəlcə “7700” (fəlakət siqnalı), daha sonra isə təyyarənin qaçırılması şübhəsi zamanı istifadə olunan “7500” təhlükə kodunu ötürüb.

Dubaydan Təl-Əvivə uçan təyyarə Səudiyyə Ərəbistanının qərbindəki Tabuk şəhərinə təcili eniş etmək məcburiyyətində qalıb. Məlum olub ki, uçuş zamanı Omandan olan ikinci pilot BƏƏ vətəndaşı olan kapitanı bıçaqla yaralayaraq təyyarəni yerə çırpmağa cəhd edib. Həmçinin, hücum edən pilotun ümumiyyətlə İsrailə uçuş icazəsinin olmadığı müəyyən edilib.

İdarəetməsiz qalan layneri qəzadan təyyarədə sərnişin kimi uçan Rusiya və Ukrayna vətəndaşı olan pilotlar və fədakar sərnişinlər xilas ediblər. Onlar hücum edəni zərərsizləşdirərək idarəetməni ələ alıblar. Məsələ ilə bağlı genişmiqyaslı təhqiqat aparılır.