Gecəki tonqal həkimin maşınını yandırdı - Video - Yenilənib

geceki-tonqal-hekimin-masinini-yandirdi
Oxunma sayı: 4796

Bu səhər Bakıda həkimin maşını yanıb.

“Qafqazinfo” xəbər verir ki, hadisə Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının yaxınlığında qeydə alınıb.

Yanğınla bağlı görüntüləri redaksiyamıza göndərən şahidlər bildiriblər ki, yanğına səbəb ötən axşam Od çərşənbəsi münasibətilə yolun ortasında qalanan tonqal olub.

Onların sözlərinə görə, tonqal tam sönmədiyi üçün səhərə közərtiləri qalıb. Belə ki, klinikanın həkimi avtomobilini saxladıqdan bir neçə dəqiqə sonra yanğın başlayıb. 

Hadisə yerinə FHN-in qüvvələri cəlb olunub.

***

FHN-dən sorğumuza cavab olaraq bildiriblər ki, nazirliyin “112” qaynar telefon xəttinə Nəsimi rayonu, Mirəli Qaşqay küçəsində minik avtomobilində yanğın baş verməsi barədə məlumat daxil olub.

Dərhal əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Yanğın söndürənlərin çevik müdaxiləsi nəticəsində “Kia Soul” markalı avtomobildə baş vermiş yanğın qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində avtomobilin mühərrik hissəsi yanıb. Avtomobilin böyük hissəsi isə yanğından mühafizə olunub.

Yanğının baş vermə səbəbləri araşdırılır.

Mədinə Useynova