Bərdədə yaşayış binasının eyvanı uçub.
“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Təbriz küçəsində qeydə alınıb.
İlkin məlumata görə, uçqun nəticəsində yaralananlar olub.
Hadisə yerinə FHN-in xilasediciləri və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
***
“Report”un məlumatına əsasən, uçqun altında bir qadının qaldığı bildirilir.
***
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, uçqun altında qalan şəxs 1990-cı il təvəllüdlü Turanə Əliyevadır.
***
Fövqəladə Hallar Nazirliyi (FHN) hadisə ilə bağlı məlumat yayıb.
Bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə Bərdə şəhəri, Təbriz küçəsində yaşayış binasının eyvanının uçması barədə məlumat daxil olub.
Dərhal əraziyə qurumun Qarabağ Regional Mərkəzinin və Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən ikimərtəbəli yaşayış binasının 2-ci mərtəbəsinin eyvanının uçması nəticəsində 1 nəfər qadının dağıntı altında qaldığı müəyyən olunub.
Nazirliyin qüvvələri tərəfindən həyata keçirilən operativ xilasetmə tədbirləri sayəsində dağıntı altında qalan vətəndaş - 1990-cı il təvəllüdlü Əliyeva Turanə Saleh qızı xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib.
Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə edilib.
***
TƏBİB-dən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, 15.03.2025-ci il tarixində saat 11:30 radələrində 1990-cı il təvəllüdlü şəxs (qadın cinsli) Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Qasıx sümüyünün sınığı, baş-beyin silkələnməsi, döş qəfəsinin küt travması diaqnozları təyin edilən şəxsin müalicəsi müvafiq şöbədə davam etdirilir, vəziyyəti orta ağırdır.