Tbilisidə Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin büstünü zədələməkdə şübhəli bilinən Ermənistan vətəndaşı saxlanılıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Gürcüstan mətbuatı ölkənin Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb.
İlkin məlumatlara görə, hadisə sentyabrın 21-i səhər saatlarında baş verib. Bildirilib ki, büstün zədələnməsi faktı ilə bağlı Gürcüstana turist kimi gələn Ermənistan vətəndaşı saxlanılıb. Şübhəlinin təxminən 40 yaşı var. Həmin şəxslə bağlı digər təfərrüatlar açıqlanmır.
İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 187-ci maddəsi üzrə aparılır. Bu maddə böyük miqdarda ziyan vurmaqla özgə əmlakını qəsdən məhv etmə və ya zədələməyə görə məsuliyyət nəzərdə tutur.
Qanunvericiliyə əsasən, həmin şəxsə cərimə, ictimai işlər, islah işləri, ev dustaqlığı, yaxud 1 ildən 5 ilədək azadlıqdan məhrumetmə cəzası təyin oluna bilər.
Son xəbərlər
Son Xəbərlər