Həmin qəzanın səbəbi təkərdəki nasazlıq imiş...

hemin-qezanin-sebebi-tekerdeki-nasazliq-imis
Oxunma sayı: 772

Dünən İsmayıllı rayonununun Balik kəndində ölümlə nəticələnən yol qəzası avtomobillərdən birinin nasaz vəziyyətdə olması səbəbindən baş verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb.

Bildirilib ki, Göyçay rayon sakini Yasər Mustafayev “VAZ” markalı avtomobillə hərəkətdə olarkən, ilkin ehtimala görə, təkər sistemində yaranan nasazlıq səbəbindən idarəetməni itirərək əvvəlcə qarşıdan gələn “DAF” markalı yük avtomobili ilə, sonra isə “Lada” markalı avtomobillə toqquşub.

Qəza nəticəsində Yasər Mustafayev hadisə yerində həyatını itirib, sərnişinləri - Tural Alışov və Orxan Həsənov isə ağır xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər.

Baş Dövlət Yol Polisi İdarəsi qeyd olunan səbəbdən dəfələrlə ağır-yol nəqliyyat hadisələrinin baş verdiyini bir daha xatırladır və sürücüləri avtomobillərinin texniki sazlığına vaxtaşırı nəzarət etməyə, nasaz, texniki-təhlükəsizlik baxımından normativ tələblərə cavab verməyən nəqliyyat vasitələri ilə yola çıxmaqdan çəkinməyə çağırır.