“Neftçi”nin baş məşqçisi Yuri Vernidub Konfrans Liqasının ikinci təsnifat mərhələsinin ilk görüşləri çərçivəsində Minsk “Dinamo”suna qarşı keçirəcəyi oyundan danışıb.
“Qafqazinfo” xəbər verir ki, o, matça bağlı ünvanlanan suallara cavab verib:
-Yaşıl meydandan kənarda da mübarizə aparmısınız. Rəqibin kimliyi də bəllidir. Bu sizdə fərqli motivasiya yaradır?
-Elə bir fərq yoxdur. Bu sualla yanaşı, kapitana verdiyiniz suala şərh vermək istəyirəm. Arzum var ki, “Neftçi” 90 illiyində ölkə çempionu olsun, “Neftçi” buna layiqdir. Böyük tarixi olan klubdur. Biz bunu xüsusi olaraq arzulayırıq. Digər arzumuz Konfrans Liqasında qruplara düşməkdir. Özüm heç vaxt qruplarda olmamışam. Yaxşı təcrübə olardı. Zaman hər şeyi göstərəcək. Biz onun üçün kifayət qədər hazırlaşmışıq. “Dinamo” öz ölkəsinin çempionudur. Orada bu dəqiqə çempionatın qızğın vaxtıdır. Bu, onları tempdə olmaq baxımından bizdən üstün edir. Rəqibi keçməyə çalışacağıq ki, digər rəqiblər barədə düşünək.
-Hazırkı heyətiniz çempionluq uğrunda mübarizə aparmağa yetəcək?
-Komandamızın özəyi var. Oyunlara davam edə bilərik, amma transfer işlərimiz davam edir. Sadəcə hər şey o qədər də asan olmur. Əlbəttə ki, 100 faiz əlavələrimiz olacaq. Hazırda 3 qapıçı, 20 oyunçumuz var, oyunlarımızı onlarla davam edəcəyik. Klub rəhbərliyi ilə birgə başa düşürük ki, güclənməyə ehtiyacımız var. Bunun üçün transferlərə ehtiyac var. Bu yöndə işlər gedir. Bilirik ki, yeni oyunçuların gəlməsi qarşıya qoyulan hdəflərə çatmağa kömək olacaq.
-Potensial rəqibin “Braqa” olması rəhbərliyin transferləri davam etdirməsinə mane ola bilər?
-Bu suala cavab vermək çətindir. Çünki rəhbərliyə aid olan məsələdir. Bizdə elə mövqelər var ki, oranı gücləndirməliyik. Rəqiblərə qarşı daha rahat oyun sərgiləyək. Bizim rəhbərliklə daimi əlaqələrimiz var. Bunlarla birlikdə çalışırıq. Transfer məsələsi o qədər də asan deyil. Bizim komandaya elə oyunçular gəlməlidir ki, komandamızı gücləndirsin. Yalnız bu cür oyunçuların gəlişinə razılıq veririk.
-“Neftçi” - “Dinamo” matçı ərəfəsində üstün komanda hansıdır?
-Çox çətin sualdır, birbaşa cavab verə bilmərəm. Hər komanda yaxşı olduğunu düşünür. Oyun bitsin, nəticələrə əsasən deyə bilərik ki, hansı komanda daha yaxşıdır.
- Uğurlu start üçün meydanda həlledici amil nə olacaq?
- Hansı komanda özünü ən yaxşı tərəfdən göstərməsindən asılı olacaq... Çox istəyərdim ki, bu, mənim komandam olsun. “Dinamo”nun baş məşqçisi isə onun komandasının olmasını istəyir. Maksimumu edəcəyik ki, sizləri sevindirək.
-“Dinamo” “Sileks”lə ilk görüşdə uduzmuşdu. Amma Şimali Makedoniyada qalib gələrək, mərhələni adladı. Bu, sizin üçün gözlənilməz oldu? Planlarınıza təsir etdi?
-Çətin oyun idi. “Sileks” tam bağlanmışdı, “Dinamo” zərbə endirə bilmədi. İkinci oyunda isə “Dinamo”nun daha çox bəxti gətirdi. Hardasa hər iki görüş çətin alındı.
-Sabah “Neftçi”nin ifasında mövsüm ərzindəki oyununun davamını görəcəyik? Çünki Varqas yoxdur, adətən yalançı 9 nömrə mövqeyində oynayırdı...
- Sabahı gözləyək, (gülür) hər şeyi görəcəksiniz.
-Hansı mövqelərə oyunçu gətirəcəksiniz?
- Bu məsələ məndə qalsın.Gətirəndə, görəcəksiniz. Sabahkı oyunöncəsi kartlarımı niyə açım?(gülür). Biz öz rəqibimizə hörmət edirik, amma ondan qorxmuruq.
-“Şerif”in baş məşqçisi olanda Avropa Liqasının təsnifat mərhələsində “Braqa”nı 2:0 udmusunuz. İndi də “Neftçi” 3-cü mərhələyə keçsə, “Braqa” ilə qarşılaşacaq. Azarkeşlər də dünən “Şerif”də işləyərkən “Braqa”nı udduğunuz oyunu paylaşmışdılar. Görünən odur ki, tərəfdarlarınızda böyük ümidlər yaranıb. Bu, sizdə təzyiq yaratmır?
- Təzyiqi hiss etmirəm. Çünki kifayət qədər təcrübəm var. Səmimi desəm, ailə daxilində bunu hiss edərəm. Amma oyunda, işdə bunu heç vaxt göstərmərəm. Bu, çox normaldır. Azarkeşlər yaxşı nəticə gözləyirsə, üzərində təzyiq olacaq. Bu təzyiqi həmişə görmüşəm, olub, olacaq. Biz nə etməliyik? Buna hazır olmalıyıq. Mən də hazır olmalıyam, futbolçular da.
Onlar olandan sonra təzyiqin ciddi təsiri olmayacaq. Hər şey yaxşı olanda, hamı səni sevir. Yaxşı olmayanda hamı sənə nifrət edir. Məhəbbətdən nifrətə bir addım yol var. Düşünürəm ki, təkcə mənim həyatımda belə deyil. Sadəcə hazır olmaq və irəli getmək lazımdır. Yol gedənindir (gülür).