Hərbi təlim toplanışlarından yayınanları - Hansı cəza gözləyir?

herbi-telim-toplanislarindan-yayinanlari
Oxunma sayı: 1589

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 24-cü maddəsinə əsasən hərbi xidmət həqiqi hərbi xidmətdən və ehtiyatda xidmətdən ibarətdir. Həmin qanuna müvafiq olaraq ehtiyatda xidmət – toplanışlar keçməkdən və müharibə zamanı səfərbərlik üzrə çağırış qaydalarını yerinə yetirməkdən ibarət olan xidməti fəaliyyətdir.

Bunu “Qafqazinfo”nun sorğusuna cavab olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə iş və beynəlxalq əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov deyib.

Onun sözlərinə görə, buna hazırlıq məqsədilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin (hazırda Müdafiə Nazirliyinin) planları üzrə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən mütəmadi olaraq ehtiyatda olan hərbi vəzifəlilər çağırılır, öyrənilir, tibbi müayinələrdən keçirilir, hərbi xidmətə yararlı olan və toplanış keçməkdən azad edilməyənlər aidiyyəti üzrə hərbi hissələrə təhvil verildikdən sonra onlarla hərbi təlim toplanışları keçirilir.

Hərbi təlim toplanışlarında ehtiyatdan çağırılan hərbi vəzifəlilərlə hərbi uçot ixtisaslarına uyğun olaraq döyüş hazırlığı üzrə taktika, topoqrafiya, həmçinin Silahlı Qüvvələrin istifadəsinə verilən müasir hərbi texnikanın və silah-sursatların taktiki-texniki xarakteristikaları barədə nəzəri biliklər verilməklə yanaşı, müvafiq vərdiş və bacarıqlar praktiki məşğələlərlə aşılanır, fiziki hazırlığın yüksəldilməsi təmin olunur, hərbi nizamnamələrin tələbləri və sıra hazırlığının elementləri təkrarlanır.

Təlimlərdən boyun qaçıranlara qarşı həyata keçirilən tədbirlər barədə də məlumat verən şöbə rəisi onların inzibati və cinayət məsuliyyətinə cəlb olunacaqlarını vurğulayıb: “İnzibati Xətalar Məcəlləsinin 606.3-cü maddəsinə əsasən toplanışlarla əlaqədar çağırış üzrə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələrinə üzrlü səbəblər olmadan gəlməməsinə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla inzibati protokol tərtib edilərək məhkəmənin qərarı ilə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər tətbiq olunur”.

Onu da qeyd edək ki, qanunvericiliyə görə təlim toplanışlarına cəlb edilən şəxslərin daimi iş yeri və orta aylıq əməkhaqqıları (məvacibləri) saxlanılır, həmçinin təlim toplanışı keçirən qurum tərəfindən onlara sonda günlük ezamiyyət pulu ödənilir.