“Həyatda ən böyük uğurum müharibədə iştirak etmək idi” - Qazi müəllim

heyatda-en-boyuk-ugurum-muharibede-istirak-etmek-idi
Oxunma sayı: 3039

Bakı Şəhəri üzrə Təhsil İdarəsi və “Qafqazinfo”nun “Qəhrəman müəllimlərimizi tanıyaq” layihəsi çərçivəsində oxuculara Vətən müharibəsi iştirakçısı olan müəllim Asif Cümşüdovun bioqrafiyasını təqdim edirik.

Vətən Müharibəsində şanlı zəfərin qazanılmasında iştirak edən, döyüş meydanındakı qəhrəmanlıqları ilə vətənpərvərlik dərsi keçən Asif Cümşüd oğlu Cümşüdov 1978-ci ildə Kəlbəcər rayonunda anadan olub.

1985-ci ildə Kəlbəcər rayonu Zəylik kənd tam orta məktəbində I sinfə getsə də, Kəlbəcər rayonu işğal olunduqdan sonra orta təhsilini Göygöl rayon Kərəmli kənd tam orta məktəbində alıb. 1996-2000-ci illərdə Bakı Dövlət Universitetində mexanika-riyaziyyat fakültəsində bakalavr dərəcəsi üzrə, 2000-2002-ci illərdə isə həmin fakültədə magistr dərəcəsi üzrə təhsil alaraq ali məktəbi fərqlənmə ilə bitirib.

2004-2006-cı illərdə Bakı şəhəri 147 nömrəli Texniki-Humanitar Liseydə, 2006-2007-ci illərdə Göygöl rayonunun Kərəmli kənd tam orta məktəbində, 2007-ci ildən isə Bakı şəhəri 313 nömrəli tam orta məktəbdə riyaziyyat müəllimi vəzifəsində çalışır.

2012-ci ildən Dövlət İmtahan Mərkəzinin riyaziyyat üzrə eksperti kimi fəaliyyət göstərir. Həmçinin Dövlət İmtahan Mərkəzinin 4 qiymətləndirmə vəsaitinin ("Riyaziyyat 3", "Riyaziyyat 5" ,"Riyaziyyat 7" ,"Riyaziyyat 10") həmmüəlliflərindəndir.

Ölkə başçısı cənab İlham Əliyevin müvafiq sərəncamına əsasən keçirilən “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi olub. 2018-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən "Tərəqqi " medalına layiq görülüb.

İki övlad atası olan A.Cümşüdov Vətən Müharibəsi başlayan kimi könüllü olaraq Füzuli, Xocavənd və Şuşa istiqamətlərində döyüşlərə qatılıb. Vətən Müharibəsindəki xidmətlərinə görə o, "Füzulinin azad olunması ", "Qubadlının azad olunması " və "Şuşanın azad olunması" medalları ilə təltif olunub.

Həyatında qazandığı ən böyük uğurunun Vətən Müharibəsində iştirak etmək olduğunu deyən A.Cümşüdov şagirdlərinin də vətənpərvər olması və torpaqlarımızı canı-qanı bahasına qoruması üçün müəllim kimi bundan sonra da üzərinə düşəni edəcəyini bildirir.