İbad Hüseynov Gürcüstanda saxlanılıb - Yenilənib

ibad-huseynov-gurcustanda-saxlanilib
Oxunma sayı: 5301

Azərbaycanın Milli Qəhrəmanı İbad Hüseynov Gürcüstanda saxlanılıb. 

 “Qafqazinfo” Lent.az-a istinadən xəbər verir ki, bu barədə onun yaxınları sosial mediada məlumat yayıb. 

Bildirilib ki, ötən gün Gürcüstana səfər edən İbad Hüseynov hava limanında Gürcüstanın gömrük əməkdaşları tərəfindən saxlanılıb. 

Ona ölkəyə buraxılmayacağı barədə xəbərdarlıq olunub. 

Azərbaycanın Gürcüstandakı səfirliyinin müdaxiləsindən sonra İbad Hüseynov sərbəst buraxılıb. 

Qeyd edək ki, İbad Hüseynov 23 oktyabr 2026-cı il tarixində Gürcüstanda keçiriləcək tədbirə qatılmaq üçün Tbilisiyə gedib. 

***

İbad Hüseynov Musavat.com-a açıqlamasında saxlanılmasının səbəbi barədə ona heç bir məlumat verilmədiyini bildirib: “Köməkçim Sahib Şirinov onlara bildirdi ki, mən Azərbaycanın Milli Qəhrəmanıyam və saxlanılmağımın səbəbi göstərilməlidir. Lakin heç bir səbəb açıqlamırdılar. Deyirdilər ki, Gürcüstana daxil olmağım mənim üçün təhlükəlidir. Onlardan soruşdum ki, hansı təhlükədən söhbət gedir? Cavab vermədilər. Saatlarla məni orada saxladıqdan sonra gəlib dedilər ki, Azərbaycana reys var, təyyarəyə min və geri qayıt. Gürcüstana keçmə, təhlükə var. Yenə soruşdum ki, təhlükə dedikdə nəyi nəzərdə tutursunuz? Susdular”.

Onun sözlərinə görə, bundan sonra Azərbaycanın Gürcüstandakı səfirliyindən kömək istəyib. Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyevin göstərişi ilə konsul Röyal Paşayev hava limanına göndərilib.

Görülən tədbirlər nəticəsində Gürcüstana giriş məsələsi həllini tapdı. Hazırda səfirliyimizin qoruması altındayam. Azərbaycana qayıdan kimi Gürcüstanda məni saxlayanları məhkəməyə verəcəyəm. Sabah axşamüstü Azərbaycana qayıdacağam”.

İbad Hüseynov Gürcüstana dəvət əsasında tədbirdə iştirak etmək üçün getdiyini də qeyd edib. Onun sözlərinə görə, “Vətənpərvərlik nümunəsi İbad Hüseynov – Azərbaycan-Gürcüstan dostluğu” adlı tədbirin keçirilməsi nəzərdə tutulub.