Ramazanda uzunmüddətli aclıqdan sonra iftar süfrəsində düzgün qidalanma sağlamlığın qorunması baxımından mühüm əhəmiyyət daşıyır.
“Qafqazinfo” xəbər verir ki, həkimlər bildirirlər ki, gün ərzində oruc tutan şəxslər iftar zamanı tələskənlik və yanlış seçimlər etdikdə həzm problemləri və halsızlıq halları arta bilər.
Mütəxəssislərin sözlərinə görə, ən geniş yayılmış səhvlərdən biri orucu qazlı içkilərlə açmaqdır. Qazlı və şəkərli içkilər mədədə köp yaradır, ani qan şəkəri artımına səbəb olur və susuzluğu daha da gücləndirir. Həkimlər iftarı ilk olaraq su və ya xurma ilə açmağı tövsiyə edirlər.
Digər yayılmış problem isə birdən-birə böyük porsiya qəbul edilməsidir. Gün boyu ac qalan orqanizm ağır və çox miqdarda qidanı həzm etməkdə çətinlik çəkə bilər. Dietoloqlar iftarı iki mərhələyə bölməyi - əvvəl şorba və yüngül qidalar, bir qədər fasilədən sonra əsas yemək qəbul etməyi məsləhət görürlər.
Yağlı və qızartma yeməklərin üstünlük təşkil etməsi də sağlamlıq üçün risklidir. Bu cür qidalar mədə yanması, təzyiq artımı və yuxululuq yarada bilər. Eyni zamanda, həddindən artıq çörək və xəmir məmulatlarının qəbulu həm həzm sistemini yükləyir, həm də çəki artımına səbəb olur.
Mütəxəssislər şirniyyatların iftardan dərhal sonra deyil, 1-2 saat sonra qəbul edilməsini tövsiyə edirlər. Əks halda, qan şəkərində sürətli artım və sonradan ani düşüş müşahidə oluna bilər ki, bu da halsızlıq yaradır.
Həkimlər həmçinin iftarla imsak arasında kifayət qədər su içməyin vacibliyini vurğulayırlar. Çay və kofe kimi kofeinli içkilər isə orqanizmdə maye itkisini artıra bilər.
Qeyd olunur ki, balanslı və mərhələli qidalanma Ramazan ayı boyunca həm sağlamlığın qorunmasına, həm də enerjinin düzgün bərpasına kömək edir.


Son xəbərlər
Son Xəbərlər