İmişli şəhərinin kompakt yaşayış massivində, eləcə də çoxlu sayda ticarət, və xidmət obyektlərinin fəaliyyət göstərdiyi Həzi Aslanov küçəsinin piyada səkilərində aparılan yenidənqurma işləri tam başa çatdırılıb.
“Qafqazinfo” xəbər verir ki, sözügedən küçədə piyadaların sərbəst hərəkəti üçün yeni səki daşları və müasir döşəmə plitələri qoyulub, həmçinin layihə üzrə normativlərə uyğun əlil arabaları üçün panduslar düzəldilib.
Piyada səkiləri həm estetik, həm də funksional baxımdan müasirləşdirilib. Bununla yanaşı, həmin küçənin avtomobil yollarında yolayrıcı zolaq inşa etdirilib. Layihə üzrə görülən işlər yol elementlərinin tələb olunan ölçülərinin müvafiq normalarına uyğun nəzərə alınmaqla aparılıb və hərəkət zolaqlarının ölçüləri normativ qaydaların tələblərinə uyğun saxlanılıb.
Bundan əlavə, ayrıc zolağında müasir işıqlandırma sistemi quraşdırılıb. Bu da yolun təhlükəsizliyini artırmaqla yanaşı, həm də şəhərin daha estetik və müasir bir görkəm almasına şərait yaradıb. İşıqlandırma sisteminin qurulması, gecə vaxtı da nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətini təmin edib və piyadaların da rahat şəkildə hərəkət etmələrinə imkan yaradıb.