“İndi şagirdlərimizə vətənpərvərlik ruhunu daha inamla aşılaya bilərəm” - Fotolar

indi-sagirdlerimize-vetenperverlik-ruhunu-daha-inamla-asilaya-bilerem
Oxunma sayı: 1171

Bakı Şəhəri üzrə Təhsil İdarəsi və “Qafqazinfo”nun “Qəhrəman müəllimlərimizi tanıyaq” layihəsi çərçivəsində oxuculara Vətən Müharibəsi iştirakçısı olan müəllim Fərid Həsənovun bioqrafiyasını təqdim edirik:

Vətən müharibəsində şanlı zəfərin qazanılmasında iştirak edən, döyüş meydanındakı qəhrəmanlıqları ilə vətənpərvərlik dərsi keçən Fərid Füzuli oğlu Həsənov 1994-cü ildə anadan olub.

2009-cu ildə Bakı şəhəri 51 nömrəli tam orta məktəbin IX sinfini bitirib. 2009-2013-cü illərdə Bakı İdarəetmə və Texnologiya Kollecində orta ixtisas təhsili alan F. Həsənov 2013-2017-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında təhsilini davam etdirib. 

2018-ci ildən paytaxtdakı 127 nömrəli tam orta məktəbdə fiziki tərbiyə müəllimi vəzifəsində çalışır.

Bundan əlavə, F.Həsənov Beynəlxalq Olimpiya Komitəsi və Milli Olimpiya Komitəsinin birgə təşkilatçılığı ilə keçirilən idman administratorluğu kursunda iştirakına və Avropa Gənclər Yay Olimpiya Festivalında könüllü fəaliyyətinə görə sertifikatlara layiq görülüb. 

Vətən müharibəsi başlayan kimi könüllü olaraq cəhbə bölgəsinə yollanan F. Həsənov Cəbrayıl, Füzuli və Xocavənd istiqamətlərində gedən döyüşlərdə iştirak edərək yaralanıb. Vətən müharibəsindəki xidmətlərinə görə “Cəbrayılın azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.

“Vətən müharibəsindəki qələbədə azacıq da olsa rolumuz varsa, bir müəllim kimi bundan yalnız qürur duya, şagirdlərimizə daha inamla vətənpərvərlik ruhu aşılaya bilərəm”, - deyə qazi müəllim bildirir.