İranla bütün fəaliyyətləri dayandırdılar

iranla-butun-fealiyyetleri-dayandirdilar
Oxunma sayı: 350

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) İranla bütün kommersiya, ticarət və maliyyə fəaliyyətlərinin növbəti xəbərdarlığa qədər dayandırıldığını açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə BƏƏ-nin rəsmi xəbər agentliyi olan WAM məlumat yayıb.

Bildirilib ki, Xarici İşlər Nazirliyinin Strateji Kommunikasiyalar üzrə direktoru Əfra əl-Hamili İranla bütün kommersiya və iqtisadi fəaliyyətlərin, eləcə də maliyyə əməliyyatlarının dayandırıldığını bildirib.

Qərarın səbəbləri ilə bağlı əlavə məlumat verilməyib.

BƏƏ-nin bu qərarı ölkənin Müdafiə Nazirliyinin İrandan atıldığı müəyyən edilən iki ballistik raketin dəniz naviqasiyasını hədəf aldığını və daha sonra dənizə düşdüyünü açıqlamasından sonra verilib.

Son dövrlərdə Yaxın Şərqdə gərginlik ABŞ və İsrailin İrana qarşı birgə hərbi əməliyyatlarından sonra daha da artıb. Tehran isə buna cavab olaraq ABŞ qüvvələrinin və obyektlərinin yerləşdiyi BƏƏ də daxil olmaqla, region ölkələrinə qarşı hücumlar həyata keçirib.

İran və ABŞ arasında iyunun ortalarında Pakistanın vasitəçiliyi ilə müharibənin dayandırılması və davamlı sülh razılaşmasına nail olunması məqsədilə anlaşma memorandumu imzalanmışdı.

Lakin razılaşmanın şərtləri, həmçinin qlobal enerji ixracı üçün strateji əhəmiyyət daşıyan Hörmüz boğazında gəmiçilik və naviqasiya məsələləri ilə bağlı fikir ayrılıqları səbəbindən danışıqlar sonradan dayandırılıb.