İrəvanda müxalifətçilər meriyanın binasını mühasirəyə aldı - Yenilənib

irevanda-muxalifetciler-meriyanin-binasini-muhasireye-aldi
Oxunma sayı: 3239

Ermənistan müxalifəti paytaxt İrəvanda genişmiqyaslı mitinqə başlayır.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “RİA Novosti” yayıb.

Agentliyin müxbirinin sözlərinə görə, “Fransa” meydanında artıq bir neçə yüz etirazçı toplaşıb. Bununla yanaşı, meydana gələnlərin sayı durmadan artır. 

Mitinqin keçirildiyi əraziyə onlarla polis əməkdaşı cəlb olunub.

Qeyd edək ki, bir neçə saat əvvəl İrəvanda müxalifət nümayəndələri 4 avtoyürüş təşkil edib. Polis yürüş iştirakçılarının bir neçəsini saxlayıb.

Xatırladaq ki, aprelin 25-dən etibarən Ermənistan müxalifəti ölkənin Baş naziri Nikol Paşinyan və onun hökumətinin istefa verməsi tələbi ilə etiraz aksiyaları keçirir.

***

Hökumət əleyhinə etiraz aksiyalarının iştirakçıları İrəvan meriyasının binasına girişləri bağlayıblar.

Bundan əvvəl “Müqavimət” hərəkatının koordinatoru İşxan Saqatelyan bəyan etmişdi ki, itaətsizlik aksiyaları çərçivəsində təkcə küçələr deyil, dövlət qurumları da bağlanacaq. Hazırda İrəvan meriyasının binası nümayişçilər tərəfindən mühasirəyə alınıb və orada nümayişçiləri geri itələməyə çalışan xeyli polis qüvvələri var. Vəziyyət kifayət qədər gərgindir, izdiham yaranıb.

Nümayişçilər “Döyüş!”, “Polis - Nikol deyil!” şüarları səsləndirirlər.