İşdən çıxarılan qadınlar məhkəməni uddu - Foto

İşdən çıxarılan qadınlar məhkəməni uddu
Oxunma sayı: 2830

Cari il, yanvarın 21-də Xətai Rayon Bələdiyyəsindəki işindən azad edilmiş şəxslər bununla bağlı məhkəməyə müraciət edib və onların şikayəti təmin edilib. 

Bu barədə “Qafqazinfo”ya məlumatı iddiaçılar Səadət Qasımova və anası Bənövşə Qasımova verib. Bildiriblər ki, məhkəmənin qərarına əsasən onların əmək müqaviləsinə xitam verilməsinə dair Xətai Bələdiyyəsinin əmri ləğv edilib. 

15 ildir qurumun işçisi olan Bənövşə Qasımovanın sözlərinə görə, ana-qız qanunsuz olaraq işdən çıxarıldıqdan sonra bələdiyyə sədri Elşad Vəliyevin qohumları işə cəlb olunub:

“Qətnamə ilə sədrin yanına getdik. Bildirdi ki, hələ fikirləşirlər. Ola bilər ki, Apelyasiya Məhkəməsinə müraciət edilsin. Bu müddət ərzində dəfələrlə getmişik, müxtəlif bəhanələrlə bizi yola salırlar. Əlimizdə qətnamə ola-ola işə bərpa edilmirik”. 

Digər şikayətçi Səadət Qasımova bildirib ki, ailədə işləyən olmadığından hazırda maliyyə vəziyyətləri yaxşı deyil: “Anam da, mən də işdən çıxarılmışıq. Gəlir yerimiz yoxdur. İki uşaq anasıyam. Sonuncu pulumu internetə verirəm ki, uşağım onlayn dərs oxusun”. 

Xatırladaq ki, daha öncə işdən çıxarılan Sevinc Camalxanova da “Qafqazinfo”ya müraciət edərək yeni bələdiyyə sədri Elşad Vəliyevin onu və daha 3 nəfəri işdən çıxarmasından şikayətçi olmuşdu. Bildirmişdi ki, onlara hədə-qorxu gəlinərək işdən çıxmaqla bağlı ərizə yazdırılıb və deyilib ki, bu, sədr dəyişdiyi üçün formal xarakter daşıyır, yəni heç kim işdən azad edilməyəcək. Daha sonra 4 əməkdaşa işdən çıxarıldıqları bildirilib. 

“Qafqazinfo” məsələ ilə bağlı sözügedən bələdiyyə ilə bir neçə dəfə əlaqə saxlamağa çalışsa da, telefona cavab verən olmayıb.

Günel Hacı




Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi