İstər məktəbdə, istərsə də cəbhədə Vətən üçün... - Fotolar

ister-mektebde-isterse-de-cebhede-veten-ucun
Oxunma sayı: 1750

Bakı Şəhəri üzrə Təhsil İdarəsi və “Qafqazinfo”nun “Qəhrəman müəllimlərimizi tanıyaq” layihəsi çərçivəsində oxuculara Vətən Müharibəsi iştirakçısı olan müəllim Dadaş Səfərovun bioqrafiyasını təqdim edirik:

Vətən Müharibəsində şanlı zəfərin qazanılmasında iştirak edən, döyüş meydanındakı qəhrəmanlıqları ilə vətənpərvərlik dərsi keçən, yetirmələri olan keçmiş şagirdlərlə çiyin-çiyinə döyüşən Dadaş Mirələm oğlu Səfərov 1975-ci ildə anadan olub.

1992-ci ildə Neftçala rayonu Faiq Həziyev adına Xolqarabucaq kənd tam orta məktəbini bitirib. 1993-1997-ci illərdə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində təhsil alıb.

Həyatının böyük bir hissəsini hərbi xidmətə həsr edən D.Səfərov 1997-1998-ci illərdə taqım komandiri, 1998-2001-ci illərdə motoatıcı bölük komandiri, 2001-2003-cü illərdə motoatıcı taborun qərargah rəisi, 2003-2005-ci illərdə motoatıcı tabor komandirinin maddi-texniki təminatı üzrə müavini, 2005-2007-ci illərdə motoatıcı tabor komandiri, 2007-2008-ci illərdə tabor komandiri, 2008-2013-cü illərdə taborun qərargah rəisi, 2013-2018-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin Taktika kafedrasında müəllim və baş müəllim vəzifələrində çalışıb.

2018-ci ildə Bakı şəhəri 290 nömrəli tam orta məktəbdə Gənclərin çağırışaqədərki hazırlığı rəhbəri kimi müəllimlik fəaliyyətinə başlayan D.Səfərov 2020-ci ildən paytaxtdakı 264 nömrəli tam orta məktəbdə çalışır.

Vətən Müharibəsi başlayan kimi könüllü olaraq cəbhə bölgəsinə yollanan D.Səfərov Xocavənd istiqamətində gedən döyüşlərdə tabor komandiri vəzifəsində iştirak edib. Vətən Müharibəsindəki şücaətinə görə o, “Hərbi xidmətlərə görə” medalı ilə təltif olunub.

İstər məktəbdə, istərsə də cəbhədə Vətən üçün çalışdığını deyən D.Səfərov bundan sonra da Azərbaycan naminə hər cür fədakarlığa hazır olduğunu bildirir.