ABŞ-nin “İnter Mayami” klubu braziliyalı yarımmüdafiəçi Kazemiro ilə müqavilə imzaladığını elan edib.
“Qafqazinfo” “SkySports”a istinadla xəbər verir ki, bu barədə MLS təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Saziş 2027-ci ilin iyun ayının sonuna qədər nəzərdə tutulub və müqavilənin müddətini daha iki mövsüm uzatmaq şansı var. 34 yaşlı futbolçu 8 dəfə “Qızıl top”un sahibi Lionel Messinin də çıxış etdiyi Amerika klubuna azad agent statusu ilə qoşulub.
Kazemiro bu yay müqaviləsinin başa çatması ilə əlaqədar “Mançester Yunayted”dən ayrılıb. O, 2022-ci ildən çıxış etdiyi İngiltərə klubunda Liqa Kubokunu (2023) və İngiltərə Kubokunu (2024) qazanıb.
Təcrübəli braziliyalı daha əvvəl “San-Paulu”, “Portu” və Madrid “Real”ının şərəfini qoruyub. “Real”ın heyətində 5 dəfə Çempionlar Liqasının qalibi olub, 3 dəfə İspaniya çempionluğunu yaşayıb, həmçinin İspaniya Superkubokunu, UEFA Superkubokunu və Klublararası Dünya Çempionatını qazanıb.
Braziliya milli komandasının heyətində 2019-cu ildə Amerika Kubokunun qalibi olan Kazemiro yığma forma ilə keçirdiyi 91 matçda 10 qolla yadda qalıb.
Qeyd edək ki, “İnter Mayami” son MLS çempionudur.
Son xəbərlər
Son Xəbərlər