Kimisi mənzilində öldürülüb, kimiləri də evlərindən çıxıb qayıtmayıblar...

kimisi-menzilinde-oldurulub-kimileri-de-evlerinden-cixib-qayitmayiblar
Oxunma sayı: 1473

ABŞ-də kosmik tədqiqatlar, nüvə fizikası və müdafiə texnologiyaları sahəsində məxfi proqramlara çıxışı olan alimlərin müəmmalı ölüm və itkin düşmə halları ictimaiyyətin və ekspertlərin diqqətini cəlb edib.

“Qafqazinfo” “Fox News”a istinadən xəbər verir ki, son üç il ərzində ABŞ-də azı 8 alim qeyri-müəyyən səbəblərdən ölüb və ya itkin düşüb.

Bildirilir ki, ilk olaraq 2023-cü ildə 59 yaşlı NASA əməkdaşı Maykl Hiks vəfat edib. Kometaların və asteroidlərin tədqiqatı ilə məşğul olan alimin ölüm səbəbi açıqlanmayıb.

2024-cü ilin iyulunda qeyri-müəyyən şəraitdə 61 yaşlı Frenk Mayvold vəfat edib.

Bundan əlavə, 2025-ci ilin iyununda Kaliforniyada piyada yürüş edərkən NASA-nın Reaktiv Hərəkət Laboratoriyasının material emalı qrupunun direktoru Monika Reza itkin düşüb.

2025-ci ildə bir neçə həftə fərqlə Los-Alamos Milli Laboratoriyasının əməkdaşları - Entoni Çaves və Melissa Kasias itkin düşüblər. 79 yaşlı Çaves mayın 4-ü, 54 yaşlı Kasias isə iyunun 26-sı yoxa çıxıb. Hər iki şəxs avtomobillərini, açarlarını, cüzdanlarını və telefonlarını qoyaraq evlərindən çıxıb və geri qayıtmayıb.

Bundan başqa, termonüvə sintezi üzərində çalışan fizik Nuno Loureyronun ölümündə də şübhəli məqamların olduğu bildirilir. Polis Loureyronun məişət zəminində baş vermiş münaqişə nəticəsində sinif yoldaşı tərəfindən qətlə yetirildiyini açıqlasa da, alimin evindən mühüm iş materiallarının oğurlandığı bildirilir.

Bu qəbildən sonuncu hadisə isə 2026-cı il fevralın 16-sı Kaliforniya Texnologiya İnstitutunun astrofiziki Karl Qrillmeyr öz evinin eyvanında öldürülməsidir.

Ağ Evin Mətbuat xidmətinin rəhbəri Kerolayn Livitt administrasiyasının bu məlumatların araşdırılması imkanını nəzərdən keçirdiyini bildirib. O bu hadisələrin bir-birilə əlaqəsinin araşdırılmasının planlaşdırıldığını deyib.