Köhnə yara, yeni oyun - Bir adanın kölgəsində

kohne-yara-yeni-oyun
Oxunma sayı: 571

Xəbər verdiyimiz kimi, 2026-cı il dünya çempionatının yarımfinalında İngiltərə və Argentina yığmaları üz-üzə gəlib.

“Qafqazinfo”nun məlumatına görə, Argentinanın 2:1 hesablı dramatik qələbəsi ilə yekunlaşan sözügedən matç həm də onilliklərdir davam edən siyasi, tarixi və hərbi rəqabətin növbəti səhifəsi kimi qiymətləndirilir.

ABŞ-nin Atlanta şəhərində baş tutan gərgin oyun iki ölkə arasında futbol meydanından kənara çıxan münasibətləri yenidən dünya gündəminə gətirib. Belə ki, iki ölkənin milli komandaları indiyədək 15 dəfə üz-üzə gəliblər ki, bu görüşlərin 6-da ingilislər, artıq 5-də isə argentinalılar qələbə qazanıb, 5 oyun isə heç-heçə başa çatıb. Dünya çempionatları çərçivəsində isə komandalar artıq altıncı dəfədir ki, qarşılaşıblar.

Lakin onu da bildirək ki, bu böyük rəqabətin kökləri yalnız idmanla məhdudlaşmır. Münasibətlərin əsas gərginlik nöqtəsi 1982-ci ildə Böyük Britaniya ilə Argentina arasında baş vermiş Folklend (Argentina tərəfindən Malvin adaları adlandırılır) müharibəsidir. Həmin vaxt adaları ələ keçirmək istəyən Argentina hərbi xuntasına qarşı Britaniyanın bölgəyə donanma göndərməsi və yüzlərlə insanın ölümü ilə nəticələnən qanlı döyüşlər hər iki xalqın yaddaşında silinməz izlər buraxıb.

Bu müharibədən cəmi dörd il sonra – 1986-cı il dünya çempionatının 1/4 finalında tərəflər qarşılaşarkən əfsanəvi Dieqo Maradonanın əllə vurduğu və sonradan “Tanrının əli” adlandırılan qolu ilə Argentina İngiltərəni yenə eyni – 2:1 hesabı ilə məğlub etmişdi. Argentinalılar üçün isə bu qələbə Folklend müharibəsindəki məğlubiyyətin meydandakı simvolik intiqamı idi.

Qeyd edək ki, bu gün baş tutan matçdakı mübarizə, son dəqiqələrdə yaşanan qol sevinci və emosional gərginlik bu qarşıdurmanın adi oyundan qat-qat artıq olduğunu və tarixin yenidən təkrarlandığını bir daha sübut etdi.

Hazırladı: Rəfi Müslümov