Günahını etiraf edib üzr istədi - “Kinonun nəhəngi devrildi”

gunahini-etiraf-edib-uzr-istedi
Oxunma sayı: 419

Fransa kinosunun dünyaca məşhur siması Jerar Depardye iki qadına qarşı cinsi zorakılıq (təcavüz) ittihamı ilə çıxarılmış hökmdən verdiyi apelyasiya şikayətini geri götürüb.

“Qafqazinfo” BBC-yə istinadən xəbər verir ki, 77 yaşlı aktyor bu addımı apelyasiya dinləmələrinin başlaması planlaşdırılan gün atıb və bununla da onun barəsində çıxarılmış 18 aylıq şərti həbs cəzası qüvvəyə minib.

Yazılı bəyanat yayan aktyor qadınlara qarşı davranışının incidici olduğunu etiraf edərək üzr istəyib: “Ədalət öz sözünü dedi. Mən təqsirli bilindim. Bu hökmü anlayıram və qarşısında baş əyirəm. Buna görə də apelyasiya şikayətimi geri götürməyə qərar verdim”.

Bu açıqlama aktyorun əvvəllər bütün ittihamları rədd edən mövqeyindən kəskin dönüş kimi qiymətləndirilib.

Depardye beş il əvvəl Parisdə “Les Volets Verts” (“Yaşıl pəncərələr”) filminin çəkiliş meydançasında iki qadına qarşı nalayiq hərəkətlər etməkdə təqsirli bilinmişdi. O, ötən dövrdəki davranışlarına görə peşmanlığını ifadə edib: “Uzun müddət çəkiliş meydançalarında təxribatçı və təhlükəli ifadələrin arxasında gizlənmişəm. Dediklərimin və bəzi hərəkətlərimin heç bir nəticəsi olmayacağını düşünürdüm. İndi təkəbbürlə kimisə incitmək arasındakı həddi görürəm. Rastlaşdığım qadınlara zərər vermək niyyətim olmayıb, lakin anlayıram ki, niyyət insanların hiss etdiyi ağrını dəyişmir. Zamanı geri qaytarmaq gücüm yoxdur. İtmiş bir dünyaya mənsub olduğumu anladım”.

Aktyorun vəkilləri Delfin Meyye və David-Olivye Kaminski də müvəkkillərinin günahını qəbul etdiyini və artıq həyatına davam etmək istədiyini açıqlayıblar.

Məhkəmə binası qarşısında jurnalistlərə danışan zərərçəkənlərdən Ameli “Qələbə bizimdir, biz bunu başımızı dik tutaraq qarşılayırıq”, Sara isə “Mübarizə bitdiyi üçün böyük bir rahatlıq hiss edirik. Kinonun nəhəngi devrildi” deyə bildiriblər.

Qeyd edək ki, “Sirano de Berjerak” və “Yaşıl kart” filmlərinin ulduzuna qarşı mətbuatda digər qadınlar tərəfindən də oxşar iddialar səsləndirilib. Aktyorla bağlı daha bir təcavüz iddiasının məhkəmə işinə çevrilib-çevrilməyəcəyi barədə qərarın bu ay veriləcəyi gözlənilir.