“Küçədə işıqfor yoxdur, bir gündə iki qəza olur” - Video

kucede-isiqfor-yoxdur-bir-gunde-iki-qeza-olur
Oxunma sayı: 3878

“Bakı şəhərinin Nizami rayonu, Qara Qarayev prospektinin Tofiq Abbasov və Özbəkistan küçələrinin kəsişməsində həftədə 2-3 qəza hadisəsi baş verir. Artıq o yoldan istifadə etməyə qorxuruq”.

Bu şikayətlə “Qafqazinfo”ya həmin ərazidə yaşayan bir qrup sakin müraciət edib. Vətəndaşların sözlərinə görə, ən son yanvarın 28-də iki qəza baş verib: “Bu qəzalara səbəb işıqforun olmamasıdır. Dəfələrlə işıqfor qoyulması üçün müraciət olunub, lakin bir nəticə yoxdur. Gün ərzində o yoldan istifadə edirik. Bu qədər qəzanı görəndən sonra çox qorxuruq”. 

Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyindən sorğumuza cavab olaraq bildirildi ki, qurumun mütəxəssisləri qeyd olunan yol kəsişməsində təhlillər aparıb və svetofor obyektinin quraşdırılması məqsədəuyğun hesab edilib: “Bununla bağlı təklif hazırlanaraq rəy verilməsi üçün Dövlət Yol Polisinə təqdim ediləcək. Həmçinin, ərazidə hərəkət təhlükəsizliyi səviyyəsinin artırılması üçün yol nişanlarının vəziyyəti də təhlil edilib. Qısa zamanda yol kəsişməsində zəruri olan yol nişanları da təmin olunacaq”.

Lamiyə Məmmədova