Vilayəti Paşinyana xəbərdarlıq etdi - “Onların ayaqlarını qıracağıq”

vilayeti-pasinyana-xeberdarliq-etdi
Oxunma sayı: 102

İran Ali Rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti Ermənistanın Baş naziri Nikol Paşinyana “Tramp marşrutu”nun yaradılması ilə bağlı xəbərdarlıq edib.

“Qafqazinfo” xəbər verir ki, onun müraciəti İranın “Ettela'at” qəzetində dərc olunub.

Vilayəti “Ermənistanın Baş naziri cənabla açıq və səmimi söhbət” başlıqlı məqaləsində Ermənistan parlamentinin Zəngəzur dəhlizindən keçəcək “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) layihəsi üzrə ABŞ ilə əməkdaşlıq sazişini ratifikasiya etməsinə münasibət bildirib. İran rəsmisi iddia edib ki, Paşinyanın addımları Ermənistan xalqının maraqlarına ziddir, ölkənin Qərbdən asılılığını artırır və Cənubi Qafqazda yeni qarşıdurma və gərginlik mərhələsinin əsasını qoyur.

Vilayəti İranın mövqeyini Ermənistan xarici işlər nazirinin müavini və ölkənin Tehrandakı səfiri ilə görüşlərində çatdırdığını bildirib:

“Tehran ABŞ-nin iştirakı ilə Zəngəzur dəhlizinin yaradılmasını qəbul etmir. Mən Ermənistan səfirinə birmənalı şəkildə bildirdim: Əgər Tramp və müttəfiqləri bizim bu qırmızı xəttimizi keçməyə çalışsalar, onların ayaqlarını qıracağıq”.